EN

Qarabağın bərpası iqlim tarazlığına töhfə olacaq

COP29-un Qlobal Mina Çağırışı


COP29-un fəal iştirakçıları Dünya Ərzaq Mükafatı laureatı, “Sülhün kökləri” beynəlxalq təşkilatının təsisçisi Heidi Kuhn və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Qarabağın təhlükəli mina sahələrində olublar. Onlar mina probleminin təcili həllinə və bölgənin bir vaxtlar çiçəklənən üzüm sahələrinin bərpasına diqqət çəkmək üçün aksiya keçiriblər. 

BAMF rəhbəri Umud Mirzəyev ­aksiya barədə Qarabağdan telefonla ­redaksiyamıza bildirdi:

– “Minalardan üzümlüyə” şüarı ilə keçirdiyimiz aksiyanın məqsədi məhsuldar torpaqları minalardan təmizləyərək yenidən üzüm bağlarına çevirmək ideyasını qlobal səviyyədə yaymaqdır. Qlobal liderlərin Birləşmiş Millətlər Təşkilatının Bakıda keçirilən İqlim Sammitində bir araya gəldiyi bir vaxtda "Sülhün kökləri" beynəlxalq təşkilatının təsisçisi Heidi Kuhn ilə Qarabağın minalı zonasına səfər etməklə dünya ictimaiyyətinin diqqətini minaların iqlim dəyişikliyinə təsirinə yönəltmək istəyirik. Təəssüf ki, bu irimiqyaslı təhlükənin ekoloji tarazlığı pozan ciddi mənbələrdən biri olduğuna kifayət qədər diqqət yetirilmir.

Qarabağın minalanmış əraziləri COP29 toplantı və müzakirələrinin keçirildiyi Bakı Olimpiya Stadionundan cəmi 3 – 4 saatlıq məsafədə yerləşir. Konfransda 200-ə yaxın ölkədən 72 mindən çox insan toplaşıb. Onlar bilməlidir və öz ölkələrində də insanlara çatdırmalıdırlar ki, Qarabağın 30 il işğal altında qalmış torpaqlarında yerləşdirilmiş və hələ də gizli qalan, təxminən, 1,5 milyon mina bölgədə həyat mənbələrini bərpa edən, yurduna qayıdan dinc adamlara və ətraf mühitə davamlı risklər yaradır.

Ermənistanın mina xəritələrini dürüst şəkildə Azərbaycana qaytarmaması nəticəsində 2020-ci ilin noyabr ayından indiyədək 382 nəfər günahsız azərbaycanlı minaların qurbanı olub. Qoy, Ermənistanı dünyaya “sülh mələyi” kimi təqdim etməyə çalışan ermənipərəst liderlər və dairələr bu həqiqəti gec də olsa, qəbul etsinlər. Qoy, Qarabağa qayıdan insanlar tezliklə bu münbit torpaqlarda bol oksigen mənbəyi olan geniş üzümlüklər salmaq imkanı qazansınlar. Mina və partlamamış hərbi sursat isə ölüm mənbəyi olmaqdan, ətraf mühiti çirkləndirməkdən kənarlaşdırılsın.

Mina təmizləmə səyləri baha başa gəlir və qabaqcıl texnologiya, ixtisaslı işçi ­qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir. Təcili sərmayələr olmadan davam edən ekoloji tənəzzül biomüxtəlifliyi, təbii ekosistemləri və bu resurslardan asılı olan icmaların dolanacaq mənbələrini təhdid etməyə davam edəcək. Minaların təmizlənməsi sürətini artırmaq təkcə humanitar zərurət deyil, həm də planetimizin biosferinə gələcək zərərin qarşısını almaq üçün ekoloji vacib şərtdir.

Xatırladım ki, “Sülhün kökləri” əsası 1997-ci ildə qoyulmuş humanitar qeyri-kommersiya təşkilatıdır. Təşkilatın missiyası münaqişədən sonrakı regionlarda iqtisadi canlılığı bərpa etmək və dünyanın ən həssas icmalarına dəstək göstərməkdir. 8 milyondan çox meyvə ağacı əkilmiş, yeni bazarlara ixrac edilmiş və milyonlarla fermer ailəsinin həyatına müsbət təsir göstərmişdir.

“Sülhün kökləri” beynəlxalq təşkilatının təsisçisi Heidi Kuhn isə səfərin məqsədi və təəssüratı ilə bağlı söylədi:

–  COP29-un əsas mövzusu “Yaşıl dünya üçün həmrəylikdir”. Lakin yaşıl dünyaya mina basdırılmış torpaqlarda və müharibənin ölümsaçan izlərinin fermerlərin bağlar salmasına və sahələri becərməsinə mane olduğu halda nail olmaq mümkün deyil. Yaşıl dünyanın ilk addımı təhlükəsiz və məhsuldar torpaqdır. Lakin bu işləri nə münaqişə zamanı, nə də minaların mövcud olduğu dövrdə görmək mümkün deyil. 

Təəssüf ki, müharibə Qarabağın təbiətinə sağalmaz yaralar vurub. Mina və partlamamış sursat insanlarla yanaşı, ətraf mühit üçün də ciddi təhlükə olaraq qalır. 2050-ci ilə qədər dünyada, təxminən, 10 milyard insan yaşayacaq və artan müharibələr nəticəsində həm torpağa, həm də insan ruhuna səpilən bu terror toxumları gələcək nəsillərin sağlamlığına və normal  qidalanmasına mane olacaq.

Bütün bunları nəzərə alaraq “Sülhün kökləri” və BAMF Qarabağda bu aksiyanı keçirməyi qərara aldı. Biz birlikdə dünya liderlərinə müraciət edərək, Azərbaycandakı bütün minaların ləğvi üçün başladığımız kampaniyaya təcili dəstək verməyə çağırırıq. Ümid edirik ki, bu, COP29-un əhəmiyyətli nəticələrindən biri olacaq, yaşıl üzümlüklər, bağlar və zəmilər vasitəsilə iqlim tarazlığına töhfə verəcək. Bundan əlavə, bərpaedici kənd təsərrüfatı proqramları dünyada müharibədən zərər çəkmiş 60-dan çox ölkədə yerləşən və təxminən, 110 milyon mina olan ərazilərdə iqlim təhlükəsizliyinə önəmli töhfə ola bilər.

Minalar yalnız münaqişələrdən sonra da mülki şəxslərə zərər verməklə kifayətlənmir, həm də dağıdıcı bir miras buraxır. Onlar ətraf mühitə ciddi ziyan vuraraq, vəhşi təbiətə və ev heyvanlarına zərər yetirir və ekoloji zərər zəncirini hərəkətə gətirir. Minalar torpaq erroziyasına, meşələrin məhv olmasına və su mənbələrinin ağır metallarla çirklənməsinə səbəb olur. Eyni zamanda, həyat mühitlərini məhv etməklə və qida tədarükü zəncirlərini pozmaqla, bəzi növlərin tərkibini dəyişdirir və ətraf mühitə vurulan ziyanı artırır. 

Partlayışlar Qarabağda müxtəlif flora və faunanı dəstəkləyən əraziləri daimi olaraq zədələmiş, geniş, ekoloji cəhətdən canlı məkanları geniş və bahalı bərpa tələb edən çirklənmiş zonalara çevirmişdir. Minaların ətraf mühitə təsirini başa düşmək davamlı, uzunmüddətli remediasiya strategiyalarının hazırlanması üçün çox vacibdir. Bu strategiyalar təkcə təhlükəsizliyi təmin etmək üçün deyil, həm də ekosistemin bərpasını dəstəkləmək üçün vacibdir.

Hazırladı: 
Tahir AYDINOĞLU 
XQ

 

Chosen
19
xalqqazeti.az

1Sources