EN

Ağdam Şəhəri GÜNÜDÜR

Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür.

 

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

 

Belə ki, dörd il bundan əvvəl, bu gün, yəni noyabrın 20-i şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.

 

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

 

Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.

 

Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.

 

Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki Azərbaycan ordusu bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib.

 

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.

 

Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub.

 

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

 

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

 

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.

Chosen
9
4
modern.az

10Sources