EN

Dünyanı NƏLƏR gözləyir... - 2025-ci il üçün yeni proqnozlar

"The Economist" jurnalı 2025-ci ilə dair gələcək proqnozlarını açıqlayıb. 

Musavat.com xəbər verir ki, "The Economist" jurnalı 2025-ci ilin qlobal perspektivini əks etdirən və qarşıdakı ilin qeyri-müəyyənlikləri ilə yanaşı böyük dəyişikliklərini vurğulayan xüsusi buraxılış üz qabığını təqdim edib. Jurnal bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Hər ilin noyabr ayında dərc olunan "The World Ahead" (Gələcək Dünya) buraxılışı oxuculara növbəti ildə baş verə biləcək mühüm hadisələri təhlil etməyə kömək edir. “2025-ci il qeyri-adi dəyişikliklərlə dolu bir il olacaq. Bu buraxılış, oxucularımız üçün dünyada baş verə biləcək ən önəmli hadisələrə işıq tutmaq məqsədi daşıyır”, - nəşr bildirib.

Üz qabığının dizaynı simvolizm və gələcəyə dair vizuallarla zəngindir. Qırmızı, qara və ağ rənglərin dominant olduğu kollajın mərkəzində ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yer alıb. Bundan başqa, dünya liderləri Vladimir Putin, Si Cinpin, Ursula fon der Lyayen və Volodimir Zelenskinin şəkilləri də kollajda əks olunub. Maraqlı bir detal isə ingilis yazıçısı Ceyn Ostinin portretinin kollajın aşağı hissəsində yer almasıdır.

Dizayn müxtəlif ikonlarla zənginləşdirilib: kosmosdan gələn raketlər, iqtisadi qrafiklər, zavod təsviri, radiasiya təhlükəsi nişanı, Çin yuanının simvolu, Saturn və Yer planetləri, içində qırmızı maye olan şpris, enerjisi bitmiş elektrik avtomobili və mikroçiplər.

Bu təsvirlər dünya iqtisadiyyatı, texnologiya, geopolitik qarşıdurmalar və ictimai dəyişikliklərin 2025-ci ildə hansı istiqamətdə inkişaf edəcəyinə dair mesajlar verir. Jurnal bu kollaj vasitəsilə qarşıdakı ilin mürəkkəbliyini oxucularına çatdırmağa çalışıb. 

 

Musavat.com

Chosen
58
musavat.com

1Sources