EN

Minimum pensiyanı 400 manat etmək olarmı- iqtisadçıların müzakirəsi...

Image

Gələn il Azərbaycanda minimum pensiya məbləği artırılacaq. Bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əks olunub. 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur. 

Qeyd edək ki, hazırda Azərbaycanda minimum pensiya məbləği 280 manatdır. 

Görəsən, Azərbaycanda minimum pensiyanı minimum əmək haqqı səviyyəsində etmək mümkündürmü?

Vüqar Bayramov: “Həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri ölkə başçısının imzaladığı fərmanlarla artırılır”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, minimum əmək haqqı və minimum pensiya məbləğləri ilə bağlı qərarlar dövlət başçısı tərəfindən qəbul olunur: “Hesablama Palatası bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na istinad edib. Bununla yanaşı, cənab Prezident həm minimum əmək haqqının, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətdə işlər görülməkdədir. Məlumat üçün deyim ki, həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri ölkə başçısının imzaladığı fərmanlarla artırılır. Hər hansı strateji sənədlərdə minimum əmək haqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da, qərarları dövlət başçısı verir. Həm minimum əmək haqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq”.

Xalid Kərimli: “Minimum əməkhaqqının artırılması vacib idi”

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, hazırki şəraitdə minimum əməkhaqqının artırılması vacib idi: “Dövlət büdcəsində əməkhaqqı xərcləri doqquz milyard manatdır. Minimum əməkhaqqı elə olmalıdır ki, iqtisadiyyat bunu emal edə bilsin. Minimum əməkhaqqı artırılanda bəzən işçilərin maaşı qalxmır. İşçiyə özəl sektor 600 manat verirsə, minimum əməkhaqqı artanda rəsmi hissə artır. Lakin faktiki aldığı məbləğ dəyişmir. Çünki maaş artdıqca işçi daha çox vergi ödəyir. Minimum əməkhaqqı məbləği təyin edilərkən özəl sektorun da o məbləği ödəmə qabiliyyəti nəzərə alınır". 

Günel CƏLİLOVA





Chosen
19
baki-xeber.com

1Sources