EN

“Quştutan” olmuş adam nazir təyin edilsə...

 

Elə bir gün olmaz ki, Rusiya mediasında kimsə Ukrayna prezidenti Vladimir Zelenskinin ünvanına “kloun” sözü işlətməsin.

Bir Rusiya deyil, bu ifadəyə qardaş Türkiyənin mediasında da, öz mediamızda da rast gəlmək olar. Hətta Rusiyaya rəğbətli olan Avropa ölkələrində də belə sözlərə yer verilir.

Axırıncı dəfə dünən Helsinki universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsində yazdığı statusda Zelenskini nəzərdə tutaraq yazıb ki, keçmiş kloun deyilən şey yoxdur. Yəni kloun həmişə kloundur.

Əvvəllər bu ifadəni adətən töhlükəsizlik xidmətinin işçiləri barədə işlədərdirlər, indi klounlara inikas etdiriblər.

Açığı, bu kloun söhbəti artıq bezdirib. Başqa söz, başqa ittiham yoxdurmu? 1 milyon dəfə dediniz, bildik, bəli, Zelenski keçmiş komediya aktyorudur, səhnəyə çıxıb, tamaşalar göstərib, filmlərə çəkilib, pdodüserlik edib və sair və ilaxır.

Amma bu, onun keçmiş işidir, adam 5 il 6 ay öncə xalqın səsi ilə Ukryana boyda dövlətin prezidenti seçilib və daha aktyorluq etmir – yəni teatr tamaşalarında, filmlərdə rol almır. Siyasət səhnəsində artistlik edirsə, o başqa məsələ. Ona qalsa, bu saat dünyanın ən yekə artisti Donald Trampıdır.

Söhbət ondan gedir ki, bir mərtəbəyə, mənsəbə qalxan insanın ilk peşəsini, işini baş qaxıncı etmək üçün dərin ağıl yiyəsi olmaq lazım deyil. Bu, arqumentsizlikdən doğur və cılız işdir.

Ona qalsa, hər kəs əmək karyerasına ibtidai bir işdən başlayır, heç kəsi orta məktəbi və ya universiteti bitirən kimi gətirib nazir və ya dövlət katibi qoymurlar. (İndiki cavanlar bilməz, vaxtilə öz ölkəmizdə belə hadisələr olub).

Bir dəfə 3-4 həmkar redaksiyada oturub ordan-burdan söhbət edirdik, söz gəlib kimin əməyə hansı peşədən başlamasından düşdü. Ötən zamanlarda ölkənin ən sanballı qəzetlərində işləmiş, bir ara Nazirlər Kabinetnin mətbuat xidmətinə də rəhbərlik etmiş təcrübəli həmkarımız dedi ki, heç bilirsinizmi, mənim əmək kitabçamda ilk işimin adı nə yazılıb. Təxmin edə bilmədik. O, özü öz sualına cavab verərək dedi: “Deşikaçan - dırokol”. Gülməkdən qəşş elədik. Həmkarımız izah etdi ki, universitetə girməzdən öncə tornaçı sexində işləyib, dəmirlərdə deşik açmaq işinə baxıb, ona görə də əmək kitabçasında elə qeyd edilib.

Hətta bir dəfə Feyspuk dostlarımızdan biri başqa bir zəhmətkeşə verilmiş arayışın ksero-surətini paylaşmışdı, imzalı-möhürlü sənəddə göstərilirdi ki, bu şəxs broyler fabrikində “quştutan” işləyir.

Heç nə, adamın işi kəsimə gedən, sexdən fərarilik edən beçələri hərləyib tutmaq imiş, durub arayışda “diri toyuqların kəsim prosesinə cəlb edilməsi üzrə operator” yazası deyildilər ki. Lakonik şəkildə “quştutar” yazıblar, söhbət bağlanıb.

İndi təsəvvür edin ki, həmin gənc gedib universitet bitirir, sonra Harvardda magistratura oxuyur, qayıdıb gəlib Bəxtiyara qoşulmur, şirkətdə, qoruqda, fondda işə düzəlir, inkişaf edir və bir gün adamı qabağa çəkib əvvəlcə nazir müavini, sonra nazir qoyurlar.

Belə olanda kimsə bir bədxah götürüb onun köhnə arayışının skrin-şotunui paylaşır və yazır: “Kim olub ki? Quştutan olub dəə”.

İndi siz sosial şəbəkələrdəki pəstəhaya, lağlağı selləməsinə baxın. Ta adama başqa söz deməyəcəklər, adı qalacaq “quştutan nazir”.

Hazırda yaxşı evi-eşiyi, lüks maşını, babat işi-gücü, bir sözlə, hər şeyi olan adamlar tanıyıram, tələbə vaxtı valideynlərinə sıxıntı yaşatmamaq üçün şadlıq sarayında ofisiant işləyiblər. Sabah onlardan biri yaxşı vəzifə tutsa, mütləq onun keçmişini bilənlərdən biri deyəcək ki, ofisiant olub, qarsonluq edib. Hələ adam təzə bəyə oynaya-oynaya aş gətiribsə və ya məcməyidə üzərrik yandırıb, pul yığıbsa, qanı getdi, hər dəfə sözü mütləq hərləyib-fırlayıb o işin üstünə gətirəcəklər.

Bu xasiyyət bizim gündə olan ölkələrdədir. Avropada əmək fəaliyyətinə pitsapaylayan kimi başlayan o qədər nazir, mer var ki, heç kim bunu onlara töhmət etmir, əksinə, özləri fəxr edir.

136 il öncə ABŞ-də Qrover Klivlend adlı prezident olub. (O, 4 illik aradan sonra ikinci dəfə prezident seçilən və Ağ Evə qayıdan ilk adamdır, ikinci Trampdır). Klivlend gəncliyində cəllad işləyib, məhkumları dar ağacına aparırmış, boyunlarına ilgəyi keçirir, ayaqlarının altındakı kətilə təpik vururmuş.

Amma bunu ona baş qaxıncı etməyiblər. Hətta əksinə, onu prezident postuna məhz xalqın canına daraşmış quldurları, qatilləri asdığına görə seçiblər.

Zelenski bəlkə də xalqı güldürdüyünə görə prezident seçilib, bilmirəm, amma seçildiyi gündən bəri yazığın özünün üzünün güldüyü olmayıb. Zəhləsini tökənlər isə çoxdur - “kloun” deyənlər bir yandan, şou-biznes də o yandan...

Chosen
9
musavat.com

1Sources