EN

Yaddaşı silinən "Ruhlar şəhəri" doğmalarını qarşılamağa HAZIRLAŞIR

Ağdam şəhərinin işğaldan azad edilməsindən 4 il ötür. Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

 

Modern.az xatırladır ki, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

 

Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

 

Ağdam işğal dövründə ən çox dağıntılara məruz qalan rayonlarımızdan biridir. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb, 2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına salıb.

2020-ci il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırdı və quruculuq mesajını verdi: "Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik".

 

2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı,  “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur.

 

Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi bərpa olunub. Həmçinin Ağdamda tamaşaçı tutumu 15 min nəfər olan və şəhərin geniş infrastruktura malik guşəsində yeni stadion inşa edilir.

2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndindəki Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Ağdam mehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Həmçinin Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar.

 

Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa işləri aparılıb.

Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda 2022-ci ilin oktyabrında Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. 

 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il mayın 2-də Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2 ikinci və üçüncü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

Prezident İlham Əliyev bu il sentyabrın 19-da Ağdam rayonuna səfər zamanı isə Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub. O, “Aghdam City Hotel”in, Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında, Ağdam Sənaye Parkında yeni zavodların açılışında, Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində Xıdırlı kəndində aparılan bərpa işləri, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub.

 

Heç bir şübhə yoxdur ki, Ağdamın öz sakinlərinə qovuşacağı günlər uzaqda deyil.

Chosen
2
9
modern.az

10Sources