Son günlər ''Fənərbaxça''nın forvardı Yussef Ən-Nəsiri ilə bağlı çoxlu transfer şayiələri yayılıb. Səudiyyə Ərəbistanı nəhəngləri bu futbolçuya ciddi maraq göstərir. ''Əl-Nəsr'' və ''Əl-İttihad'' kimi klubların adları hallanır. Xatırladaq ki, ''Fənərbaxça'' merakeşli forvardı bu yay Türkiyə futbolu üçün rekord məbləğə - 19,5 milyon avroya transfer edib. İndi ərəblərin konkret nə qədər məbləğ təklif etdiyi bəlli olmasa da, deyilənə görə İstanbul nəhəngi onu aldığından baha qiymətə sata bilər. Yəni ərəblər ''sarı-lacivərdlilər''ə ən azı 20 milyon avro təklif ediblər. Amma qeyd olunur ki, ''Fənər''in ən azı qış transfer dönəmində 27 yaşlı futbolçu ilə vidalaşmaq niyyəti yoxdu. Yəni təcrübəli oyunçu böyük ehtimalla mövsümün sonuna qədər komandada qalacaq. Hərçənd ''Fənər'' də ''Əl-Nəsr''in ulduzu Anderson Talişkanı almaq üçün dəridən qabıqdan çıxır. Bu günlərdə ''Əl-Nəsr''in idman direktoru Adrian Esparraqanın da İstanbula gəlməsi diqqət çəkmişdi. Rəsmi olaraq o, bir tədbirdə iştirak etmək üçün İstanbula ayaq basmışdı. Amma onunla ''Fənər'' rəsmiləri arasında gizli danışıqların aparıldığı istisna edilmir. ''Əl-Nəsr'' də Talişkanı ən azı mövsümün sonuna qədər buraxmaq istəmir. Daha öncə Türkiyədə ''Beşiktaş''ın formasını geymiş portuqaliyalı ulduz Səudiyyə Ərəbistanında illik 12 milyon avro qazanır və deyilənə görə ''Fənərbaxça''dan da eyni məbləği tələb edib. Talişkanın bu mövsüm 17 rəsmi oyuna 8 qol, Ən-Nəsirinin 17 rəsmi oyuna 4 qol vurduğunu bildirək.
ƏLİ