EN

Yaponiya 2025-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə üçün vəsait ayıracaq - Nazir

Bakı, TurkicWorld

Yaponiya 2025-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim təşəbbüsləri üçün dövlət və özəl dəstək şəklində 70 milyard dollar ayırmağa söz verib.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao COP29 Sammitində milli bəyanatı ilə çıxışı zamanı bildirib.

"Qlobal istiləşmənin 1,5°C həddində saxlanılması məqsədinə nail olmaq üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyət göstərəcəyi çərçivələr yaradılmalıdır. Xüsusilə müvafiq imkanlara malik ölkələrin töhfəsi və özəl maliyyə resurslarının səfərbər edilməsi vacibdir", - deyə o qeyd edib.

Nazir istixana qazı emissiyalarının azaldılmasına dair iqtisadi cəhətdən geniş hədəflərin müəyyən edilməsinin vacibliyini vurğulayıb və ən böyük iqtisadiyyatlara onların azaldılması üzrə konkret göstəricilər müəyyənləşdirməyə çağırıb.

Onun sözlərinə görə, Yaponiya öz növbəsində, cari Milli Səviyyədə Müəyyən Olunmuş Töhfə (NDC) çərçivəsində emissiyaların azaldılması öhdəliklərini həyata keçirməkdə davam edir və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq məqsədinə sadiqdir. 1,5°C hədəfinə uyğun olaraq yeni, daha iddialı NDC gələn ilin fevral ayında təqdim ediləcək.

Bundan əlavə, nazir Paris Sazişinin 6-cı maddəsinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Bu maddə yüksək keyfiyyətli karbon bazarlarını tənzimləyir və dekarbonizasiya texnologiyalarının özəl maliyyələşdirilməsini stimullaşdırır.

"Yaponiya Birgə Kredit Mexanizmi (JCM) vasitəsilə qlobal dekarbonizasiyaya töhfə verəcək və COP29-un uğurla başa çatdırılması üçün beynəlxalq səyləri dəstəkləməyə davam edəcək", - deyə nazir yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
21
1
turkic.world

2Sources