EN

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər nədən ibarətdir?

Digər üsullar üzrə ardıcıllıq gözlənilmədən malların (işlərin, xidmətlərin) bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdiriləcək. SİA xəbər verir ki, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Mövcud praktikada səyyar vergi yoxlamaları zamanı vergi orqanları tərəfindən bazar qiyməti Vergi Məcəlləsinin 14.4-cü maddəsinə uyğun olaraq mal (is, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (is, xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir.

Bazar qiymətini Vergi Məcəlləsinin 14.4-cü maddəsinə uyğun olaraq müəyyən etmək mümkün olmadıqda isə Vergi Məcəlləsinin 14.6.3-cü maddəsində nəzərən tutulmuş üçüncü qiymətləndirmə üsuluna uyğun olaraq bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

Belə ki, bazar qiymətlərinin Vergi Məcəlləsinin 14.6.3-cü maddəsində nəzərdə tutulmuş ilk iki qiymətləndirmə üsuluna (sonrakı (təkrar) satış qiymətinə əsasən və dəyərin toplanması üsuluna əsasən) uyğun olaraq müəyyənləşdirilməsi praktiki olaraq mümkün olmur. Çünki, bu iki üsulun tətbiq edilməsi üçün ilk növbədə yoxlanılan vergi ödəyicisi ilə eyni xüsusiyyətlərə malik, oxşar əməliyyatlar aparan vergi ödəyiciləri tapılaraq onların tətbiq etdikləri ticarət əlavələri, əsaslandırılmış xərcləri, real mənfəəti və sair zəruri göstəriciləri müəyyənləşdirilməlidir ki, bu da əksər vergi ödəyiciləri tərəfindən vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmaması səbəbindən çətin və ya mümkünsüz olur.

Həmçinin, eyni xüsusiyyətlərə malik, oxşar əməliyyatlar aparan vergi ödəyicilərinin zəruri göstəriciləri müəyyən edilsə belə, vergi orqanı tərəfindən müvafiq müqayisə aparılan zaman nəzərə alınıb-alınmaması mübahisəli və qeyri-müəyyən olan bir çox məsələlər ortaya çıxarır ki, bu da lüzumsuz məhkəmə çəkişmələrinə yol açır.

Bununla bağlı olaraq, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə dəyişiklik təklif olunub.

Başqa sözlə, hazırda qüvvədə olan qanuna əsasən,m alların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

Layihəyə əsasən, malların (işlərin, xidmətlərin) bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdiriləcək.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Chosen
18
sia.az

1Sources