EN

"Süni İntellekt və Robotlar: İnsanlığın Sərhədləri Yenidən Çəkiləcək?"

Dünyaya gözucu baxmaq belə kifayət edir ki, insanlığın dönüm nöqtəsində olduğunu başa düşəsən. Texnologiyanın son onilliklərdə qazandığı sürət və əhatə dairəsi süni intellekt (SI) və robotexnologiyanın inkişafını adi yenilikdən qlobal transformasiyaya çevirdi. 21-ci əsrin bu güclü texnologiyaları həyatımızın hər sahəsinə nüfuz edir: səhiyyədən təhsilə, sənayedən şəxsi münasibətlərə qədər. Gəlin özümüzə sual verək,  bu inkişaf bizə necə gələcək vəd edir? Gəlin statistikalara və proqnozlara əsaslanaraq, süni intellektin və robotexnologiyanın insanlığa təsirini daha dərindən araşdıraq.

Bu Gün və Sabah

   Oxford Universitetinin araşdırmalarına görə, hazırda insanların yerinə yetirdiyi işlərin 47%-i  avtomatlaşdırıla bilər. Bu, təkrarlanan, təhlil əsaslı və fiziki işlərin kifayət qədər böyük hissəsini əhatə edir.

   - Dünya İqtisadi Forumu (WEF) bildirir ki2025-ci ilə qədər, iş bazarında  85 milyon iş yeri avtomatlaşdırılma nəticəsində yoxa çıxacaq, amma bu boşluğu doldurmaq üçün 97 milyon yeni iş yeri yaranacaq Bu, texnologiyaya uyğunlaşmağı bacaranlar üçün böyük fürsətdir, transformasiyaya uyğunlaşa bilməyənlər üçünsə təhlükə.

2023-cü ildə dünyada 3 milyon sənaye robotu fəaliyyət göstərirdi ki, 2030-cu ilə qədər bu göstəricinin 10 milyona çatacağı proqnozlaşdırılır.

“Boston Dynamics” və digər qabaqcıl şirkətlərin istehsal etdiyi robotlar istehsalatdan səhiyyəyə qədər geniş sahələrdə istifadə olunur. 

   Süni intellekt bazarının  dəyəri  2023-cü ildə 140 milyard ABŞ dolları təşkil edirdi ki,  bu rəqəmin2030-cu ilə qədər 1.8 trilyon ABŞ dollarına çatacağı gözlənilir. Robot texnologiyası bazarının isə illik 26% böyümə göstəricisi ilə sürətlə artacağı proqnozlaşdırılır.

Süni İntellekt və Robotların Təsiri

Texnologiya hər yerdədir. Artıq süni intellektlə təchiz edilmiş sistemlər iqtisadi münasibətlərdə olduqca geniş yer tuturlar.

  İstehsalatda insan gücünü dəyişir: “Tesla “ kimi şirkətlərdə avtomatik robotlar istehsal proseslərinin 90%-ni həyata keçirir.

   - Xidmət sektorunda banklar və müştəri xidmətləri "chatbot"-larla təchiz olunur.” Gartner”-in proqnozlarına görə, 2030-cu ilə qədər müştəri xidmətlərinin 70%-i insanlar olmadan həyata keçiriləcək.

Amma texnologiya nə qədər güclü olsa da, onun yaratdığı imkanlar hər kəs üçün eyni deyil. İnkişaf etmiş ölkələr texnologiyadan maksimal fayda götürərək daha da zənginləşir, inkişaf etməkdə olan ölkələr isə texnologiya çatışmazlığı ilə geridə qalır. 2030-cu ilə qədər avtomatlaşdırmanın qlobal iqtisadiyyata 15 trilyon ABŞ dolları əlavə edəcəyi gözlənilir. Lakin bu artımın 70%-i inkişaf etmiş ölkələrin iqtisadiyyatına yönələcək.

Humanoid robotlar, yəni insanlara bənzər robotlar artıq tibb bacısı, köməkçi, hətta dost kimi fəaliyyət göstərir. 2021-ci ildə “SoftBank Robotics” tərəfindən istehsal olunan "Pepper" robotu yaşlılara qulluqda və psixoloji dəstəkdə istifadə olunurdu. 2035-ci ilə qədər dünyada hər 10 ailədən birində ev robotlarının olması gözlənilir.

Sosial və Psixoloji Perspektivlər

Robotlar və süni intellekt monoton işləri gördükcə insanlar yaradıcı və intellektual sahələrdə daha çox zaman keçirməyə meylli olacaq. Bu, insanların şəxsi inkişafına, sənətə və elmi innovasiyalara yönəlməsinə şərait yarada bilər. Amma robotexnologiyanın inkişafının insan psixologiyasına yan təsirləri də istisna olunmur.

-Robotlar insanlarla əməkdaşlıq etmək üçün dizayn edilsə də, bu texnologiyalara həddən artıq bağlılıq sosial tənhalığı artırır.Bunu müşahidə edən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq texnologiya ilə bağlı yaranan tənhalıq hallarını müasir psixoloji problemlər sırasında qeyd edir.

-Süni intellekt təhsil sahəsində fərdiləşdirilmiş öyrənmə imkanları yaradır. 2030-cu ilə qədər təhsil sistemlərinin 40%-nin süni intellektlə dəstəklənəcəyi gözlənilir. Məsələn, tələbələr üçün xüsusi olaraq tənzimlənən proqramlar, onların tədris prosesini daha  da effektivləşdirir.

Etik Məsələlər və Gələcəyin Sualları

Avtonom Maşınlar və Qərar Vermə

Sürücüsüz avtomobillər və digər avtonom cihazlar etik qərarlar qəbul etmək üçün dizayn olunur. “Tesla” və “Waymo”  kimi şirkətlər, qəza vəziyyətlərində maşının hansı qərarı verəcəyinə dair hələ də etik suallar üzərində işləyirlər:

   - İnsan həyatını prioritetləşdirmək üçün hansı sistemlər yaradılmalıdır?

   - Bu qərarların  məsuliyyətini kim daşıyacaq?

İnsanlığa Qarşı Təhlükə

Texnologiya nə qədər güclü olsa da,  hər zaman düzgün niyyətlə istifadə edilmir. Süni intellekt əsasında hazırlanmış izləmə sistemləri, insan hüquqlarını diktator rejimlərdə daha da məhdudlaşdırır. “Amnesty International”  bildirir ki, süni intellektə əsaslanan izləmə texnologiyaları artıq 70 ölkədə insan hüquqlarını pozmaq üçün istifadə olunur.

Gələcəyə Dair Proqnoz: İşıqda Gəzən Kölgələr

2025-ci ilə qədər bir çox inkişaf etmiş ölkələrdə təkrarlanan işlərin 60%-nin avtomatlaşdırılacağı gözlənilir.

2050-ci ilə qədər robotların insan əmək gücünün böyük hissəsini əvəz edəcəyi ehtimal olunur.

Süni intellekt və robotların artan təsiri ilə insanlar daha az işləyə və daha çox yaradıcılığa yönələ bilər. Bu isə "post-iş dünyası" anlayışını gündəmə gətirir.

Süni İntellekt Bizimlə olacaq , yoxsa Bizi İdarə Edəcək?

Süni intellekt və robotexnologiya insanlığın yeni üfüqlərə çatmasını təmin edən bir alət ola bilər, amma  düzgün idarə olunmasa, bəşəriyyətin qarşılaşdığı ən böyük təhlükələrdən birinə çevrilə bilər. Bu texnologiyaların gətirdiyi sosial, iqtisadi və etik problemləri həll etmək üçün qlobal əməkdaşlıq, tənzimləmə və maarifləndirmə tələb olunur.

Burada bir sual yaranır - biz texnologiyanın inkişafını nəzarət altına ala biləcəyik, yoxsa texnologiya bizi öz iradəsinə tabe edəcək? İnsanlıq, qarşıdakı onilliklərdə bu sualın cavabını tapmağa məcbur olacaq.

Şahlar Ruhi/EDnews

Chosen
23
ednews.net

1Sources