EN

20 noyabr: Ağdamın Zəfər tarixi

20 Noyabr Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi belə qeyd olunur.  

Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən hazırlanıb və artıq təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. 

Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdam öz sakinlərinin yolunu gözləyir. 

Millət vəkili Arzuxan Əlizadə "Cebheinfo.az"-a xatırladıb ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də, I Qarabağ uğrunda gedən döyüşlərdə itirildi: 

"Bu işğalaqədərki dövrdə də Ağdamda həm özünümüdafiə batalyonları, həm Milli Ordunun o zaman formalaşmaqda olan hissələri qəhrəmancasına qeyri-bərabər döyüşdə ermənilərlə, onlara havadarlıq edən güclərlə qarşı-qarşıya gəldilər,  böyük itkilər verdilər. Nəticə etibarilə Ağdam işğal altına düşdü. 

İşğal altında olduğu dönəmdə barbar ermənilər Ağdamı demək olar ki, yerlə yeksan etmişdilər. 

Ağdamda olan qəbiristanlıqlar tamamilə dağıdılıb. Yalnız qəbiristanlıqda qəbir daşları aparılmamışdı, eyni zamanda qəbirlər özləri dağıdılmışdı. Hətta ermənilər tərəfindən qəbiristanlıqlar özləri belə, şumlanaraq əkin əkmişdilər və bu ermənilərin vəhşiliyindən xəbər verən əsas nümunələrdən biridir.

Həmçinin, Ağdamda bir dən də olsun nə mülki obyekt, nə də digər obyektlər, infrastruktur qalmışdı, torpağı belə altını üstünə çevirmişdilər. Hətta işğaldan azad olunandan sonra həmin ərazilərə səfər edən xarici jurnalistlər Ağdamı “Azərbaycanın Xirosiması” Noqosakisi adlandıraraq belə bir müqayisə də gətirmişdilər. Yəni, Ağdam sanki atom bombası atılmış bir əraziyə bənzəyirdi". 

Millət vəkilinin sözlərinə görə, ermənilər çox böyük istehkamlar qurmuşdular və Ağdamın heç vaxt Azərbaycana qaytarılmayacağı ilə qürrələnirdilər:: 

"Ancaq II Qarabağ savaşında, Azərbaycanın qəhrəman oğulları, Milli Ordumuz çox böyük hünər göstərərək ermənilərin "dərsini verdi" və 10 noyabr kapitulyasiya Bəyannaməsini imzalamağa məcbur oldular. Həmin Bəyannamənin bəndlərindən biri də Ağdamın təhvil verilməsi ilə bağlı idi. 

Beləliklə, 20 noyabr 2020-ci ildə Ağdam Azərbaycana təhvil verildi. O gündən etibarən Azərbaycanın nəzarətində olan digər ərazilər kimi Ağdamda da bərpa-quruculuq işlərinə başlanıb. 

Lakin bərpa-quruculuq işlərinə mane olan bir sıra amillər var ki, bunlardan da ən əsası həmin ərazilərin işğal dövründə minalarla çirkləndirilməsidir. Minalardan təmizləmə prosesi olduqca uzun vaxt aparır. Ancaq buna baxmayaraq, Ağdam yenidən qurulur. Hətta əvvəlkindən də yaxşı görkəmə qaytarılmaqdadır. 

Artıq biz qürurla 20 noyabr tarixini Ağdamın işğaldan azad edilyi gün kimi qeyd edirik. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamı da var. Təbii ki, zamanında qəhrəmanlıq göstərmiş, ermənilərə alınmaz bir qala kimi müqavimət göstərmiş Ağdam Azərbaycanın əsas şəhərlərindən, rayonlarından biri olaraq daha gözəl görkəmə gətiriləcək". 

Chosen
19
cebheinfo.az

1Sources