EN

Rusiyadan Qərbə təhdid və gözdağı: Müharibə 2 ay ərzində...

Xəbər verdiyimiz kimi, noyabrın 19-da Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.

Həmçinin Rusiya nüvə partlayışından yaranan şok dalğaları və radiasiya kimi müxtəlif təhlükələrdən qoruya bilən mobil bomba sığınacaqlarının istehsalına başlayıb.

Bəs, bunlar nüvə müharibəsinin başlayacağına bir işarədirmi? Mümkün müharibə olarsa, region bundan necə təsirlənəcək?

Oqtay Qasımov, politoloq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Rusiyada Ukrayna savaşı başlanandan müxtəlif dövrlərdə zaman-zaman nüvə silahından istifadə ilə bağlı fikirlər səslənib və son dövrlər bu məsələ daha ciddi xarakter alıb.

O.Qasımov qeyd edib ki, əvvəlki dövrlərdə bu məsələ ilə bağlı daha çox Təhlükəsizlik Şurasının katibi Dimitri Medvedev danışırdısa, artıq bu tip məsələlər prezident sərəncamı ilə müəyyənləşməyə başlayıb.

Müsahibimiz Putininin imzaladığı sənədin hazırda dünyada yaranmış geosiyası vəziyyətdə çox ciddi bir addım sayıla biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya bu addımı atmaqla Qərbə, NATO-ya Rusiyanın son məqamda nüvə silahına da əl ata biləcəyi mesajını verməyə çalışır:

“Putinin imzaladığı sənəd, Rusiyada nüvə sığıanacaqlarının tikilməsi və yaxud olanların bərpası kimi məsələlər əlbəttə, belə bir təhlükənin olduğunu göstərir. Bu ehtimal çox yüksək olmasa da, belə bir ehtimalın olduğunu unutmamalıyıq”.

Həmsöhbətimiz bildirib ki, hazırda Rusiyanın müttəfiqləri, xüsusilə də Çin nüvə silahının istifadəsinin əleyhinədir və Rusiyanı da bir formada bu fikrindən daşındırmağa çalışır:

“Nəzərə alsaq ki, Rusiya bu addımı Amerikanın uzaq mənzilli raketlərlə Rusiya ərazilərinin vurulmasına icazə verdikdən sonra atıb. Bu icazəni verən Co Bayden isə 2 ay sonra hakimiyyəti təhvil verəcək və onun yerinə gələcək Donald Trampın Rusiya ilə münasibətlərdə hansı addımları atacağı maraq doğuran məsələlərdəndir. Bu baxımdan yaxın dövrlər üçün mən belə bir addımın atılacağını düşünmürəm. Bu, sadəcə olaraq Rusiya tərəfindən Qərbə təhdid və gözdağı kimi dəyərləndirilməlidir”.

Əziz Əlibəyli, politoloq

Politoloq Əziz Əlibəyli də Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin qarşıdakı 2 ay ərzində Ukrayna müharibəsində ciddi nəticələr əldə etmək üçün belə bir addım atıb.

Ə.Əlibəyli diqqətə çatıdırıb ki, Rusiya həmçinin Ukraynanın arxasında dayanan güclərin ona əyani olaraq kömək etməsinin qarşısını almaq və onları çəkindirmək üçün doktrinaya yeni mərhələdə keçidlər edib:

“Yəni bu, yeni müharibə yox, hazırda gedən müharibənin 2 ay ərzində daha da intensivləşməsi deməkdir. Çünki Donald Tramp fəaliyyətə başladığı günə qədər proses öz həllini tapmalıdır”.

Mina Mikayılova

Chosen
17
bakivaxti.az

1Sources