EN

Azərbaycanın enerji ixracı niyə azalıb? - Açıqlama


Məlum olduğu kimi, Azərbaycanda elektrik enerjisinin ixracında azalma qeydə alınıb. Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 74,5 milyon dollar dəyərində elektrik enerjisi ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,4 faiz azalma deməkdir.

Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi hər min kVt/saat elektrik enerjisinin orta ixrac qiyməti 93 manat 76 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 181 manat 19 qəpik idi. Bu da illik müqayisə ilə 87 manat 40 qəpik və ya 48,3 faiz azalma deməkdir.

Beləliklə, hesabat dövründə elektrik enerjisinin ixracı həm dəyər, həm də miqdar baxımından aşağı düşüb.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, ölkədə qazla işləyən elektrik enerjisi istehsal edən stansiyalar var. Ola bilər ki, sözügedən stansiyalarının işinə fasilələr verilib. Bu səbəbdən də ixracda azalma olub:

“Böyük ehtimal ki, ölkədə modul tipli qazla işləyən elektrik stansiyalarının işinə müəyyən fasilələr verilib. Təbii qaza tələb artdığından qazla işləyən həmin stansiyalarda elektrik enerjisinin istehsalı xeyli dərəcədə azalıb. Bu səbəbdən də ixracda azalma müşahidə edilir”.

Natiq Cəfərli vurğulayıb ki, təbii qaza ehtiyac böyükdür. Azərbaycanın Gürcüstan, Türkiyə və əsasən də, Avropa İttifaqı ölkələri qarşısında öhdəliyi var: “Bu öhdəlik yerinə yetirilməlidir, ixracı azalda bilmərik”.

Ekspertin dediyinə görə, elektrik enerjisinin ixracında azalmanın digər səbəbi işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, təmir-tikinti işlərinin artması ilə bağlıdır. Sözügedən ərazilərdə məskunlaşma artdıqca elektrik enerjisinə tələbat da yüksəlir. Tələbatın yüksəlməsi də elektrik enerjisi sərfiyyatının artmasına səbəb olur.

Sevinc,
BakuPost
Chosen
16
bakupost.az

1Sources