EN

Film istehsalının ƏDV-dən tam azad olması təklif edilib

Film istehsalını təşviq etmək üçün istehsalın ƏDV-dən tam azad olmasına getməliyik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

"Dövlət sifarişi ilə çəkilən filmlərin həcmi barədə keçən il Hesablama Palatası məlumat yaymışdı. Ola bilsin ki, film istehsalını təşfiq etmək üçün istehsalın ƏDV-dən tamamilə azad olmasına getməliyik. Bütövlükdə film istehsalının artması Azərbaycanda iqtisadiyyata müsbət təsir göstərə bilər", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kino sənətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri təklif edilir. Layihəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən film nümayişi sahəsində göstərilən xidmətlərə görə, nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin həmin şəxslərə geri qaytarılması, film istehsalı və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 90 faizinin 5 il müddətinə mənfəət vergisindən azad olunması, film istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizinin 5 il müddətinə gəlir vergisindən azad olunması, film istehsalı və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələri və film prodüserlerinin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azad edilməsi, filmin istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması və yaxud istifadə hüquqlarının verilməsinə görə, royalti gəlirlərinin 5 il müddətinə 14% dərəcə ilə ödəmə tətbiq edilən vergidən azad edilməsi təklif edilir.

Vergi Məcəlləsinə dəyişikliklər qəbul ediləcəyi halda bu müddəalar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Chosen
5
15
operativmm.az

10Sources