Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlı rayonunun Masallı-Yardımlı (44 kilometr)-Sırıq-Əfçədulan-Horavar-Əngövül-Zəngələ-Vərov-Keçələkəran avtomobil yolunun əsaslı təmiri yekunlaşıb.
Agentlikdən hafta.az-a bildirilib ki, uzunluğu 23,5 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.
Əsaslı yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolların eni 10 metrə qədər genişləndirilib. Yol boyu torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülüb, yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb.
Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində hər biri bir aşırımlı olmaqla 3 yeni avtomobil körpüsü də inşa edilib. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.