EN

Ağdamda rayonun azad olunmasının 4-cü ildönümü və “Ağdam Şəhəri Günü” qeyd edildi - FOTOLAR

20 noyabr 2024-cü il tarixdə Ağdam rayon Bayraq meydanında rayonun işğaldan azad olunmasının 4-cü ildönümü və “Ağdam Şəhəri Günü” qeyd edilib.

"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını və “Şəhidlər Abidə Kompleksi”ni ziyarət etmiş, şəhidlərin məzarları üzərinə tər gül dəstələri düzmüşlər. Bayraq meydanında davam edən tədbirdə əvvəlcə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər tədbirdə çıxış edərək 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Ermənistan ordusu tərəfindən boşaldılmasından, Azərbaycan Ordusunun heç bir itki vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil olmasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçuların təltif olunması üçün “Ağdamın azad olunmasına görə” medalının və eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı 20 noyabr tarixinin “Ağdam Şəhəri Günü” kimi təsis olunmasından bəhs etmişlər. Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllimlərinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.

Chosen
103
50
unikal.az

10Sources