EN

Türkiyənin media mənsubları Ədəbiyyat Muzeyində olublar

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin media mənsubları Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar. Türkiyənin media mənsubları COP29 çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər.

Bu barədə TƏHSİL.BİZ -ə muzeydən məlumat verilib.

Muzeyin direktoru akademik Rafael Hüseynov Türkiyə mediasının gənc təmsilçiləri ilə görüşüb. Onları “İstiqlal zalı” ilə tanış edən akademik Rafael Hüseynov muzeyin tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və qurucuları, eləcə də 1919-1920-ci illərdə onların bu binada fəaliyyətindən danışıb. Direktor, həmçinin Azərbaycan mətbuatının yaranması, 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin nəşrindən söz açıb.

O, ziyarətçilərə müəllifi olduğu, İmadəddin Nəsimi irsinə həsr olunan və dörd dildə nəşr edilən “Zamansız və məkansız” və dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Yoxdan var” kitablarını hədiyyə edib. Bundan başqa, qonaqlara Məhsəti Gəncəvinin portret-oçerkinə və muzeydəki xalçalara dair açıqca dəstləri təqdim olunub.

Media nümayəndələri muzeyin ekspozisiyasında Azərbaycan milli mətbuatının tarixini əks etdirən “Əkinçi”, “Kəşkül”, ipək parça üzərində nəşr olunmuş “Həyat”, “Nicat” qəzetləri, həmçinin 1906-cı ildə nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalının orijinal nümunələri və digər eksponatlarla tanış olublar.

Sonda muzeyin rəylər və təəssüratlar kitabında Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına dair ətraflı məlumat aldıqlarını qeyd edən media təmsilçiləri “Bir millət, iki dövlət” olaraq Azərbaycanı və xalqımızı çox sevdiklərini bildiriblər.

Chosen
33
tehsil.biz

1Sources