EN

Nazirlər Paşinyanı niyə tərk edirlər:  Qruplaşmalarla mübarizənin nəticəsi necə olacaq?

 “Nikol Paşinyan hökuməti daxilində əvvəldən narazı qrup var idi”.

Bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a Ermənistanda baş verən istefalara münasibət bidirərkən deyib.

Müsahibimiz hesab edir ki, Paşinyanın COP29-a görə Bakıya gəlməməsinin arxasında da bu məsələ dayanır:

"Hökumət daxilində Paşinyana ciddi təzyiqlər göstərirdilər. Paşinyan komandası içərisində üç əsas qrup var. Onlardan biri Rusiyayönlü, digəri Qərbmeyilli, üçüncüsü isə ultra-millətçilər, revanşist qüvvələrdir. Bu qruplar daxilində gedən daxili mübarizə Paşinyanın hökuməti idarə etməsində ciddi problemlər yaradırdı. Özü də həmin şəxslər ən mühüm qurumların başında dayanırlar. Hansı tərəfin mövqeyi daha ağır basırsa, digər tərəf ona təsir etməyə çalışır, yəni sıxışdırma siyasətini aparırlar. Ona gərə də Paşinyan müxtəlif bəhanələrlə həmin şəxsləri hakimiyyətdən uzaqlaşdırmağa çalışır".

Analitikə görə, vəzifədən uzaqlaşdırılan şəxslər Paşinyanın daxili və xarici siyasəti ilə bağlı, xüsusən Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində hansısa maneələr, əngəllər törədə də bilərlər.

Samir Hümbətov: Gedənlər sülh müqaviləsinin imzalanmasında əngəllər törədə bilərlər

Hümbətova görə, Paşinyanın bu şəxslərlə, qruplaşmalarla mübarizəsinin nəticə verib-verməyəcəyini zaman göstərəcək:

“İstənilən halda Paşinyan ona sadiq olmayan, addımlarına əngəl törədən fiqurların hakim komandandan uzaqlaşdırılmasını, onların əvəzlənməsini davam etdirəcək. Bunun da idarəetmədə hansısa siyasi böhrana səbəb olacağını düşünmürəm".

Qeyd edək ki, Ermənistan hökumətində istefa dalğası başlayıb.

İlk olaraq ölkənin infrastruktur naziri və Dövlət Gəlirləri Komitəsinin rəhbəri - Qnel Sanosyan və Rüstəm Badasyan Baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi yazıblar. Onlardan sonra Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib.

Ardınca İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan həmkarlarından nümunə götürüb.

Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və Korrupsiyaya qarşı Komitəsinin sədri Sasun Xaçaturyan da istefa veriblər.

Bütün bunların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi son töhmətdən sonra baş verməsi diqqət çəkib. Erməni deputat Tiqran Abramyan deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə baş verən kütləvi istefalar seçkiqabağı proses məntiqi kimi anlaşılmalıdır. Onun fikrincə, hakimiyyət bu yolla yeni imic ortaya qoymağa çalışır: “Təraş məsələsi də (Paşinyanın saqqalını təraş etməsini nəzərdə tutur – red.) bu baxımdan simvolikdir və təsadüfi deyil. Mümkündür ki, bununla hansısa mesajlar verib”.

Yerli media və müxalifət Nikol Paşinyanın erkən parlament seçkilərinə hazırlaşdığını iddia edib.

Aydın Baxış

Chosen
18
bakivaxti.az

1Sources