EN

“Ana və körpə ölümləri artıb” - Yenilənib

“Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

“Ölkəmizdə 2000-ci ildə qadın məsləhətxanaları və qadın məsləhətxanası olan tibb müəssisələrinin sayı 313 idi. 2023-cü ildə isə onların sayı 3 dəfə azalaraq 106-ya düşüb. Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik. Ana və uşaqların sağlamlıqlarının qorunması baxımından belə müəssisələrin sayının artması, bu sahədə peşəkar kadrların hazırlanması, xüsusilə onların kənd yerlərində işləməsi üçün imkanların yaradılması məqsədəmüvafiq olardı”, - deyə komitə sədri bildirib.

***

Komitə sədri qeyd edib ki, qadınların çoxu əmək bazarında aktiv iştirak edə bilmir.

“Qadınlar məşğul əhalinin 47,9 faizini təşkil edir. Bununla yanaşı, qeyri-fəal iqtisadi əhalinin 55,7 faizi qadınlardır. Yəni, qadınların böyük hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmamasıdır.

Rəsmi statistik məlumata əsasən, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların xüsusi çəkisi son 13 ildə artaraq 34,6 faiz olub. Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli artıb. Amma uşaq bağçalarının və qayğı mərkəzlərinin az olması bəzi rayon, qəsəbə və kəndlərdə qadınları işləmək imkanlarından məhrum edir”, - deyə H.Hüseynova bildirib.

Nuranə Daxilqızı

Chosen
61
11
qafqazinfo.az

10Sources