EN

32 il dövrün reallıqlarını yaradan Yeni Azərbaycan Partiyası

Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrilən YAP 32 illik tarixi yolda çətin və şərəfli, məzuliyyətli dövr yaşayıb. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirib. Ovaxtkı iqtidarın səriştəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər elə bir vəziyyət yaratmışdır ki, hətta Azərbaycana dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi yaratmışdır. Məhz belə vaxtda YAP-ın yaranması tarixi zərurəti meydana çıxdı. 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi və qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin olan yol keçib. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi.

"ÖLKƏDƏ GEDƏN PROSESLƏR ÇOX NARAHATEDİCİ İDİ VƏ AZƏRBAYCANIN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN MƏHZ HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETMƏSİ BU ZƏRURƏTDƏN DOĞURDU"

Təbii ki, xalq nicat yolunu, yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu". Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyi ilə yaradılan bir siyasi aksiya idi. Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. "YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlanmışdır", - deyə Prezident bildirib.

YENİLƏŞƏN CƏMİYYƏT, MÜASİR DÖVRÜN ÇAĞIRIŞLARI…

YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son illərdə görülən işlər bunu deməyə əsas verir. Möhtərəm Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. YAP-ın VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisəyə çevrildi və bu partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi səciyyələndirilir. Yeniləşən cəmiyyət, müasir dövrün çağırışları, ictimai münasibətlərin inkişafı yeni reallıqlar yaradıb. Təbii ki, real mənzərənin yaranması öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Qurultaydakı geniş məzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürərək proqram xarakterli nitqində YAP üzvləri qarşısında yeni vəzifələri də müəyyənləşdirmiş oldu. Partiya bu vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirir. Onu da xüsusi olaraq vurğulamalıyıq ki, YAP-ın VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmış oldu. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

"BİZ REALLIQLARI YARADAN ÖLKƏYİK"

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycanda yeni reallıqlar yaradıldı və bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, o cümlədən yeni çağırışlar yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni, Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar yaradır. Cənab Prezident YAP-ın VII Qurultayında çıxışı zamanı bildirdiyi kimi "Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir". Qurultayda qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı. Bildiyimiz kimi, partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət ötmüşdü və partiya bu illər ərzində mühüm nailiyyətlərə və irəliləyişlərə nail olmuşdu. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Bütün bu məsələlər YAP-ın VII Qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapmış oldu. Bütövlükdə, sözügedən addımlar partiya həyatında daha çevik və effektiv idarəetmə mexanizminin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi və yeni Nizamnaməsi təsdiq olundu. YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi. Yeni idarəetmə modelini özündə ehtiva edən YAP-ın VII qurultayda qəbul olunmuş qərarları milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə töhfədir.

YENİLİYİN VƏ MÜASİRLİYİN TƏŞƏBBÜSKARI

Bu gün YAP həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, yeni çağırışların tələblərinə uyğun olaraq görülən işlər, yeni islahatlar və dəyişikliklər partiya həyatında daha çevik və effektiv idarəetmə mexanizminin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar və s. partiyanın proqramında öz əksini tapmışdır. Partiyanın inkişaf tarixinin mahiyyət etibarilə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilən Qurultaydan ötən dövr ərizində yeni Nizamnamə və Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər uğurla həyata keçirilir. Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq Yeni Azərbaycan Partiyası fəaliyyətini məhz müasir çağırışlara uyğunlaşdırır.

Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və s. YAP-ın Proqramında müəyyən olunan strateji hədəflər sırasındadır.

Ulu Öndərin siyasi kursunu Prezident İlham Əliyevin yaradıcı şəkildə, uğurla davam etdirməsi, onu yeniliklərlə zənginləşdirməsi ölkəmizin tərəqqisini və yüksək sosial rifah şəraitində yaşamasını təmin edir. Hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edən YAP müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında böyük nüfuz sahibidir. Sözsüz ki, partiyanın yüksək nüfuzu bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Azərbaycan xalqının maraqlarına cavab verən və mütərəqqi xarakter daşıyan müasir dəyərlərdən bəhrələnmək YAP-ın fəaliyyətinin əsaslarından biridir. YAP möhtəşəm zirvələrə yol açan "dünənin, bu günün və sabahın partiyasıdır".

Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır. Buna dövlətimizin gücü və potensialı var. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib. Xalqın sevgisini və dəstəyini qazanan, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirən Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınır.

Nəzakət ƏLƏDDINQIZI

Chosen
15
1
sesqazeti.az

2Sources