“Çox yaxşı olardı ki, elektrik avtomobillərinin ehtiyat hissələrinin ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilsin”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, velosipedlərin də ölkəmizdə istifadəsi genişlənir, “yaşıl iqtisadiyyat”ın ölkəmizdə təşviqi var:
"Ona görə də velosipedlərin də ehtiyat hissələri ƏDV-dən azad edilsə, yaxşı olar. Digər problem isə odur ki, hazırda bazarda taksi çatışmazlığı var. Köhnəlmiş maşınlar taksi kimi istifadədən çıxarılır, 15 ildən artıq istifadə edilmiş maşınlara taksi fəaliyyətində qadağa qoyulur. Çox yaxşı olardı ki, prioritetlərdə taksi bazarının yenilənməsi ilə bağlı təşviqlər də öz əksini tapsın".
Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, elektrik mühərrikli minik avtomobillərin ehtiyat hissələri ƏDV-dən azad oluna bilər:
“Bu gün bütün ölkələr “yaşıl iqtisadiyyat”a mərhələli şəkildə keçid edir. Məhz Azərbaycan da qlobal proseslərdən geri qalmır. Belə ki, son illər ölkəmizdə elektrik mühərrikli minik avtomobillərin sayı sürətlə artmaqdadır.
Buna səbəb elektromobillərin gömrük rüsumlarından azad olunmasıdır. Buna görə də ölkəmizdə elektrik mühərrikli minik avtomobillərin sayı artır. Lakin elektromobillərin qiyməti yüksək olduğu üçün avtomobil parkı sürətlə yenilənə bilmir”.
O bildirib ki, taksi çatışmazlığını aradan qaldırmaq üçün, taksi xidmətinə yararlı minik avtomobillərin sayını artırmaq lazımdır:
“Ölkəmizə 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub. Elektrik mühərrikli avtobuslar ekoloji cəhətdən əlverişli olduğu üçün elektrik mühərrikli taksilərində gətirilməsini həyata keçirmək lazımdır.
Yaxşı olar ki, bu məsələyə dövlət dəstəyi ola, elektrik mühərrikli avtomobilləri gətirən iş adamlarına dəstək olunsun. Əgər dövlət dəstəyi olarsa, Azərbaycanın avtomobil parkıda müəyyən qədər yenilənə bilər”.