EN

“Lerikdə 8 məktəb bağlanıb, şagirdlər hələ daşınmayıb”

“Bu ilin sentyabrında Lerikdə 8 məktəb bağlanıb, lakin şagirdlərin daşınması hələ mümkün olmayıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

Millət vəkilinin sözlərinə görə, daha 10 məktəbin də bağlanması nəzərdə tutulub: “Bu məktəblər bağlandığı halda, şagirdlərin daşınması məsələsinə Elm və Təhsil Nazirliyinin köməklik göstərməsini xahiş edirəm. Eyni zamanda, Lerik dağlıq ərazidir, rayonun bir tərəfindən o biri tərəfinə 100 kilometr məsafə var. Elə inzibati ərazi dairələri var ki, 10 kənd var, 5-6 da ibtidai məktəb, 3-də ümumi orta məktəb. Amma tam orta məktəb bir inzibati ərazi dairəsində yoxdur. Belə olan təqdirdə, 9-cu sinfi bitirən şagird məktəbi dəyişməli olur və uzaq məsafə qət etmək məcburiyyətində qalır”.

Mövzu ilə bağlı danışan maliyyə naziri Samir Şərifov bildirib ki, təhsil xərcləri 2021-ci illə müqayisədə 60 faiz artıb: “Bu, kifayət qədər nəzərəçarpan göstəricidir. Həll edilən məsələlərlə yanaşı, yəqin ki, bu sahədə problemlər də var”.

Nuranə Daxilqızı

 
Chosen
19
5
qafqazinfo.az

10Sources