EN

“Nəinki uşaq yeməkləri, ərzaq məhsullarına da ƏDV aşağı faizlə hesablanmalıdır”- İqtisadçı

 “Təkcə uşaq qidalarına deyil, ümumiyyətlə, ərzaq məhsullarının əlavə dəyər vergisi (ƏDV) aşağı faizlə hesablanmalıdır”.
 
 Bu fikirləri Musavat.com-a iqtisadçı Xalid Kərimli deyib.
 
“Əlbəttə tam ləğv edilməkdən söhbət getmir, hökumətin də gəlir yeri olmalıdır. Amma qeyri-ərzaqla, ərzağın ƏDV fərqlənməsinin olması daha ədalətli olardı. Uşaq qidasını Avropadan, ABŞ-dən baha qiymətə gətirirlər. Hökumət bunu stimullaşdıra bilməz. Deputatla bu məsələdə bir qədər razı deyiləm, populist yanaşmadır.
 
İstənilən məhsul istənilən qiymətlə də gətirilə bilər. Bu vətəndaşların öz işidir, buna müdaxilə etmək olmaz. Amma dediyim odur ki, əgər biz güzəştlərdən danışırıqsa, ən yaxşısı ərzaq məhsullarının ƏDV-ni daha aşağı faizlə tətbiq edilməsidir ki, bu güzəşt hamıya şamil edilər. Konkret  uşaq yeməkləri, əşyalarını xüsusiləşdirməyə ehtiyac yoxdur. Yəni başqa alternativ üsullara əl atıla bilər. Hər şeyi qablaşdırılmış şəkildə, rahat əldə etmək istəyiriksə, bu, komfort deməkdir. Bunu təəssüf ki, öz ölkəmizdə istehsal edə bilmirik. Obyektiv səbəblərdən xaricdən idxal edirik. Komfort istəyiriksə komfortun da bir qiyməti var, onu ödəməliyik”, -deyə iqtisadçı əlavə edib.
 
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Əli Məsimli deyib ki, uşaq yeməkləri və uşaq ləvazimatlarının qiyməti günü-gündən qalxır, kəllə-çarxa çatır.
 
Deputat bildirib ki, əhalinin bunları almağa imkanı yoxdur: "Uşaq yeməkləri və uşaq ləvazimatlarına da vergi güzəştləri şamil olunmalıdır. Əgər güzəştlərdən söhbət gedirsə, bu sahəyə çox ehtiyac var”.
 
Əli Məsimli cərimələrin qoyulmasında uçot sisteminin tətbiqini də vacib sayıb: “Son dövrlərdə cərimələrlə bağlı cəmiyyətdə qıcıqlar yaranır. Cərimələr getdikcə artır, böyük rəqəmlər cərimə kimi qoyulur və buna izah verilmir. Bəzi hallarda əlavə vəsait cəlb etmək üçün süni cərimələr tətbiq edilir”.
 
Chosen
1
2
moderator.az

3Sources