EN

Orta Dəhlizlə yükdaşımaların həcmi artıb - Nazir müavini

Bakı, TurkicWorld

Bu ilin 10 ayı ərzində Orta Dəhliz üzrə yükdaşımaların ümumi həcmi 3,8 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz çoxdur.

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev COP29-da "Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.

"Konteyner daşımaları 46,3 min TEU təşkil edib ki, bu da ötən illə müqayisədə təxminən üç dəfə çoxdur. Xüsusilə vurğulamaq istərdim ki, Çin-Avropa-Çin marşrutları 27,6 min TEU təşkil edib ki, bu da illik əsasda 25 dəfə çoxdur. Bundan əlavə, biz əlavə yük həcmləri cəlb edirik və Çindən gələn konteyner qatarlarının sayını ildə 600-ə çatdırmaq barədə razılığa gəldik", - o bildirib.

Lastayev qeyd edib ki, Qazaxıstan da 42 ölkə ilə avtomobil yolu ilə yük daşımaları üçün icazələrin mübadiləsi sistemi tətbiq edib.

"Bu sistemin şəffaflığını təmin etmək üçün cari ildən Özbəkistan Respublikası ilə elektron icazələrin mübadiləsi üzrə pilot layihənin icrasına başlanılıb. İlin sonuna qədər Qazaxıstan və Çin arasında daşımalarda elektron icazələrə keçid başa çatacaq ki, bu da bütün icazələrin 60 faizini rəqəmsal formata keçirməyə imkan verəcək", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
3
1
turkic.world

3Sources