EN

“Millimiz yaxşı qurtardı, hesab 12:0 da ola bilərdi…”

  Məlum olduğu kimi ötən gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə böyük hesabla məğlub olub. 6:0-lıq məğlubiyyət ictimaiyyətdə hiddət doğurub.

Əvvəl belə bir fikir var idi ki, Azərbaycan yığmasının məğlubiyyəti məşqçinin səriştəsizliyindən qaynaqlanır. Lakin dünənki oyun Azərbaycan yığmasının yeni baş məşqçisi Fernandu Santuşun zamanında baş tutdu.

Nəticə nədən xəbər verir?

Globalinfo.az-a danışan idman eksperti Fuad Eldarov deyib ki, oyundan əvvəl əhali arasında sorğu keçirsəydik, futbolu bilən balaca uşaqlar belə İsveçin Azərbaycanla oyunda böyükhesablı qələbə qazanacağını deyərdi:



Fuad Eldarov

“İllərdir davam edən uğursuzluq azarkeşləri artıq ruhdan salıb, inam hissini azaldıb. Oyunda dəyərləndiriləsi və tənqid olunası çox şey var. Hələ hesabın 6:0 olması sözün əsl mənasında yaxşı nəticədir. Bu hesab 12:0 da ola bilərdi. Rəqib bir penalti qaçırdı, bir qolu hakim VAR’dan gələn qərara əsasən ləğv etdi, 4-5 epizodda qapıçımız Rza yaxşı qurtarışla topun qapıya getməsini əngəllədi. İllər sonra antirekordu təzələyə də bilərdik. Hələ yaxşı qurtarmışıq.

 
Baş məşqçiyə gəldikdə, portuqaliyalı Fernandu Santuş indiyə qədər necə deyərlər “nə yatdı ki, nə də yuxu görsün?” Mətbuat konfransında günahın onda olduğunu bildirdi, amma onda günah görmürəm. Oturub yada salsaq Santuşdan əvvəl vəziyyətimiz nə idi ki? Sinyor De Byazinin “möhtəşəm” açıqlamaları, start “11-lik”ləri, oyun vaxtı ağılasığmaz rotasiyaları ilə əsəblərimiz tar-mar olurdu. Milli komandamız çox təəssüf ki, UEFA Millətlər Liqasında D divizionuna düşdü. Növbəti ildən turnirin ən alt səviyyəli divizionunda yarışacağıq. Adama təsir edir həqiqətən. Orda hansısa bizdən də zəif komandaya qalib gəlməyimizi isə heç kim uğur kimi qəbul edib, sinə gərib “bacardıq” deməsin”.

Sözügedən oyuna xalq şairi Sabir Rüstəmxanlı da öz Feysbuk hesabında münasibət bildirib:



Sabir Rüstəmxanlı

“Məncə Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır. Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn, Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar…”  

Chosen
25
referans.az

1Sources