EN

Lamin Yamal daha bir mükafata layiq görüldü

İspaniyanın “Barselona” klubunun futbolçuları Lamin Yamal və Aytana Bonmati “2024 Barça Players Award” mükafatına layiq görülüblər.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bu mükafat onlara ötən mövsüm həm meydanda, həm də ondan kənarda nümunəvi davranışlarına, həmçinin klubun dəyərlərini qoruduqlarına görə “Agrupacio Barça Jugadors” (Barselona Oyunçular Birliyi) tərəfindən verilib.

Xatırladaq ki, Yamal ötən ay “France Football” tərəfindən Avropada ilin ən yaxşı gənc futbolçusu mükafatına da layiq görülmüşdü. Bonmati isə bu ilin yanvarında FIFA tərəfindən ən yaxşı qadın futbolçu seçilib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 15 oyuna çıxıb. O, bu oyunlarda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 66 oyun, 13 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib. O, bu milli komandada 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Chosen
55
arena.az

1Sources