EN

“Neftçi”nin sabiq rəsmisi - Azərbaycan futbolunu necə idarə etmək olmaz?

Otto fon Bismark deyib ki: “Yalnız sadəlövhlər öz səhvlərindən öyrənir, ağıllılar isə başqalarının səhvlərindən dərs alır”.

Rəhmətliyin bu fikri ilə bəziləri razı olmasalar da, məncə, AFFA rəhbərliyi bu yanaşmadan ilham alaraq, keçmişdə buraxılan yanlışlardan dərs çıxarıb, eyni səhvləri təkrarlamamalıdır.

Əslində, futbolun inkişafı üçün hər şeyə sıfırdan başlamaq lazım deyil. Qarşımızda artıq 30 illik bir “kitab” var – bu kitabın adı “Azərbaycan futbolunu necə idarə etmək olmaz” dır.

Öncəki rəhbərliklərin fəaliyyəti dövründə bəzi müsbət cəhətlər olubsa da, mənfi tərəflər üstünlük təşkil edib. Bu kitabı diqqətlə “oxuyub”, yanlış nümunələrdən nəticə çıxarmaqla Azərbaycan futbolunu düzgün idarə etmək mümkündür.

Azərbaycan futbolunun hazırkı durumu bir restoranla müqayisə edilə bilər.

Təsəvvür edin, xaricdən tanınmış bir “şef-povor” gətirirsiz, amma ona işləməsi üçün nə lazım olan avadanlığı, nə də keyfiyyətli məhsulları təqdim edirsiz.

Belə vəziyyətdə hətta dünyanın ən yaxşı aşpazı belə, ideal yeməklər hazırlaya bilməz. AFFA-nın vəziyyəti də buna bənzəyir.

Bəlkə də yanılıram, amma Santuşun millimizə təyinatı və fəaliyyəti mənə rəhmətlik Karlos Alberto Torresi xatırlatdı.

Torres gəldiyi zaman çoxları düşünürdü ki, hər şey bir anlıq sehrli çubuqla düzələcək. Amma bu, yanlış fikir idi.

Futbolun inkişafı bir şəxsin üzərində qurulmur. Bu, sistemli yanaşma və düzgün strategiyalar tələb edən uzunmüddətli bir prosesdir.

Allah Torresə rəhmət, Santuşa can sağlığı versin! Amma Torres kimi, Santuşun da “uzunmüddətli prosses” üçün gəlmədiyi ən azından yaşından və başından görsənir.

Futbol sürətli nəticələrin qazanıldığı bir sahə deyil. AFFA rəhbərliyi bəlkə də daha tez bir uğur əldə etmək istəyir, lakin bu yanaşma yanlışdır.

Futbolun inkişafı üçün uzunmüddətli və planlı strategiya vacibdir. Sürətli nəticələrdən daha önəmlisi futbolun köklü problemlərinin həll edilməsi və sağlam infrastrukturların qurulmasıdır.

Azərbaycan futbolunun problemlərini həll etmək üçün çox şeyə ehtiyac yoxdur. Sadəcə olaraq, keçmişin səhvlərindən dərs almaq, düzgün qərarlar vermək və futbolu həqiqi mənada sevən, ona inanaraq çalışan insanlar lazımdır.

Axı futbol, sadəcə, bir idman növü deyil, bir millətin qüruru və birliyinin rəmzidir.

Emin Əfəndi
“Neftçi”nin mətbuat xidmətinin sabiq rəhbəri

Chosen
27
sportinfo.az

1Sources