EN

Meksika radiosunda COP29 tədbirinin əhəmiyyətindən danışılıb

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu və çoxsaylı dinləyici auditoriyasına malik “Kanyon” radiosuna müsahibəsi zamanı Azərbaycanın COP29-a sədrliyi zamanı əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Azərbaycanın Meksikadakı Səfirliyindən "Unikal"a verilən məlumata görə, müsahibə zamanı ölkəmizin ekoloji problemlərin həllinə hərtərəfli və dəstəkləyici yanaşmaya sadiqliyi, eləcə də COP29-a sədrliyin əsas məqsədinin iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi təşviq etmək olduğu vurğulanıb.

Diplomat tədbirin ilk günündə Paris Sazişinin 6.4-cü maddəsi ilə bağlı artıq müsbət nəticələr əldə olunduğunu qeyd edərək, bunun iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərəçarpacaq nəticələr verən səmərəli mexanizmlər hazırlamağa imkan verəcəyini bildirib. Eyni zamanda, Bakıda keçirilən COP29 çərçivəsində indiyədək bir sıra mühüm saziş və əməkdaşlıqların, o cümlədən, “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığını, bunun üç ölkənin əməkdaşlığında yeni mərhələ olduğunu qeyd edib.

Müsahibədə ilk dəfə olaraq Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitinin keçirildiyi qeyd olunub, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməsi və onların təcrübəsinin öyrənilməsinin, eləcə də ən çox bu ölkələrə təsir edən iqlim dəyişikliyi kimi qlobal problemlərə inklüziv həll yollarının axtarışının vacibliyi vurğulanıb.

Sonda səfir hazırda beynəlxalq siyasətdə davam edən və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizədə özlərinin qərar verməsinə mane olan neokolonializm təzahürləri ilə bağlı narahatlığını ifadə edib.

Qeyd edək ki, müsahibə həmçinin Meksikanın “Miled və ADRNetwork” radio kanallarında da efirə gedib.

Chosen
26
50
unikal.az

10Sources