EN

Fədakar elm xadimi haqqında bir neçə söz

Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli Azərbaycan tarixşünaslığında adı fəxrlə çəkilən görkəmli elm adamlarından biridir. O, hazırda Naxçıvan Dövlət Universitetinin (NDU) məsləhətçi-professoru kimi gənc nəslin təlim-tərbiyəsində yorulmadan əmək sərf edir. Bu nurlu insanla  35 ildən artıqdır ki, salam-əleykimimiz var. Biz təxminən eyni dövrün adamlarıyıq, yaşıdıq və uzun illərdir  eyni təşkilatda çalışırıq. Kollektivdə hamı ona səmimi və mehriban həmkar kimi Hacı deyə müraciət edir. O, pak əməlli iman sahibi kimi müqəddəs Məkkəyi-mükkərəməni ziyarət etmiş, Hacı titulu almışdır. Bu illərdə Hacını davranışının, hərəkətininin və sözünün yerini bilən, əqidə bütövlüyü, mənəvi saflığı ilə seçilən, xeyirxah, zəhmətkeş və müdrik bir insan kimi tanımışam. Hacıfəxrəddin müəllim ömrünü elm və təhsilin inkişafına həsr etmiş bir insandır.

Tərcümeyi-hal bilgilərinə nəzər salaraq qeyd edim ki, 1971-ci ildə həmin vaxt Azərbaycan Pedaqoji İnstitutunun filialı olan indiki NDU-nu əla qiymətlərlə başa vuran Hacıfəxrəddin bir  müddət təhsil sistemində gənc nəslin tərbiyəsi ilə məşğul olmuş, 1979-cu ildə elmə böyük marağı onu Ulu Öndər Heydər Əliyevin  təşəbbüsü ilə yaradılmış Naxçıvan Regional Elm Mərkəzinə gətirib çıxarmışdır. Elə o vaxtdan  Hacıfəxrəddin öz həyat və fəaliyyət yolunu müəyyən edib. Bu elm ocağında AMEA-nın müxbir üzvü, professor Məşədixanım Nemətin tövsiyəsi ilə tarix elmimizin çətin,ancaq çox gərəkli, həm də şərəfli bir sahəsini-epiqrafika elmini seçmiş, epiqrafik abidələrlə zəngin olan Naxçıvan diyarı onun tədqiqatlarının əsas obyektinə çevrilmişdir. Bu görkəmli alimin elmi rəhbərliyi altında Hacıfəxrəddin müəllim “Naxçıvan Muxtar Respublikasının ərəb-fars dilli kitabələri tarix-mədəniyyət abidələri kimi” (XVI-XIX əsrlər) mövzusunda dissertasiya işi üzərində işləmiş,bu elmi işini 1987-ci ildə böyük uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bu sahədəki tədqiqatlarını genişləndirərək Hacıfrəxrəddin Səfərli 2004-cü ildə “Naxçıvanda  sosial-siyasi və ideoloji mərkəzlər”  adlı tarix elmimiz üçün mühüm əhəmiyyət kəsb edən doktorluq dissertasiyasını böyük uğurla müdafiə etmişdir. Əski yazını, əlifbasını, onun müxtəlif xətt növlərini böyük zəhmət bahasına öyrənməsi, bu dillərə bələd olması bu sahədəki tədqiqat işlərini genişləndirməsinə imkan və şərait yaratmışdır. Bəlkə də çox az öyrənilmiş qədim mədəniyyət və elm  mərkəzlərindən olan  Naxçıvan diyarı bu gənc alim qarşıında geniş üfüqlər açmış, alim buradakı məscid, türbə, qəbirüstü abidələr üzərindəki yazıları aşkar etmək, onun estampını çıxarmaq, oxumaq işi üzərində səylə çalışmış, böyük mədəni irsin aşkara çıxarılmasına öncüllük etmiş, məqsədinə nail olmuşdur. Beləliklə, bu fədakar alimin böyük zəhməti nəticəsində buradakı  epiqrafik abidələr ilk dəfə olaraq sistemli şəkildə tədqiq olunmuşdur.

Onu da deyək ki, alimin gərgin əməyi sayəsində 600-dən artıq epiqrafik abidə qeydə alınmış, onların mətnləri oxunaraq Azərbaycan və rus  dillərinə tərcümə edilmişdir. Abidələrin əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Tədqiqatlar nəticəsində orta əsrlərdə Naxçıvanda yaşamış çoxlu görkəmli şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin, sənətkarların, alimlərin və s. adları, qəbirlərinin yeri, vəfat tarixləri müəyyənləşdirilmiş, bir sıra yaşayış yerlərinin, memarlıq abidələrinin və s. dövrü təyin edilmişdir. Eyni zamanda, kitabələrin məlumatları əsasında Haxıfəxrəddin Səfərli orta əsrlərdə Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlərin mövcud olduğunu müəyyən etmişdir. Alim konkret olaraq müəyyən etmişdir  ki, Naxçıvanda Səfəviyyə, Bektaşiyyə, Hürufiyyə, Nöqtəviyyə, Qələndəriyyə və s. sufi təriqətlərinə mənsub xanəgahlar fəaliyyət göstərmişdir.

Məhz bu araşdırmalar nəticəsində onun qələmə aldığı  "Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər", "Naxçıvanda sufiliklə bağlı mərkəzlər", "Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər", "Naxçıvanın türk-islam mədəniyyəti abidələri", "Əshabi-Kəhf" ziyarətgahı- Dini-Mədəni Abidə Kompleksi", "Ordubad bölgəsinin epiqrafik abidələri", "Əlincəçay mahalının epiqrafik abidələri", "Naxçıvan şəhərinin epiqrafik abidələri", "Qondarma erməni soyqırımı və tarixi həqiqətlər" və digər kitab və monoqrafiyalar naxçıvanşünaslığa,eləcə də Azərbaycan epiqrafiya elminə böyük töhfə olmuşdur.

Məlumdur ki, sovet hakimiyyəti illərində milli mədəniyyətlərin öyrənilməsinə, tədqiqinə ciddi maneələr törədilmiş,qadağalar qoyulmuşdu. Müstəqillik illərində xalqımızın tarixi mədəni irsinin öyrənilməsinə geniş şərait yaradılmış, bu işə dövlət səviyyəsində diqqət və qayğı günbəgün genişlənmişdir. Məhz buna görə də müstəqillik illərində bu diqqət və qayğıdan ilhamlanan Hacıfəxrəddin Səfərli bu qədim diyarın təkcə epiqrafik abidələrini deyil, digər maddi-mədəniyyət abidələrini də geniş şəkildə araşdırmağa başlamışdır. Az bir zamanda bu sahədə Hacıfəxrəddinin “Kəhriz sistemləri” (Bakı 2010), “Naxçıvan ziyarətgahları” (Bakı 1998), “Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə” (Naxçıvan Əcəmi, 2019), “Naxçıvan imamzadələri” (Naxçıvan, Əcəmi, 2016), “Tarixi mənbələrdə Nuh peyğəmbər” (Naxçıvan, Əcəmi, 2014) kimi sanballı tədqiqat əsərləri meydana çıxmışdır. Bu əsərlər naxçıvanşünaslığa, Azərbaycan tarixşünaslığına layiqli töhfə hesab oluna bilər.

Qeyd etmək lazımdır ki, professor Hacıfəxrəddin Səfərli 2007-ci ildə AMEA-nın Naxçıvan Bölməsində işə dəvət olunmuş və o, burada Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru kimi 2023-cü ilə qədər səmərəli şəkildə fəaliyyət göstərmişdir. Bu illərdə mən bu böyük elm adamını fədakar elm xadimi kimi kəşf etdim. Hacıfəxrəddin müəllimin bilavasitə rəhbərliyi  və yorulmaz fədakar əməyi ilə bu institutda iki cildlik “Naxçıvan ensiklopediyası”, 3 cildlik “Naxçıvan tarixi”, Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Naxçıvan abidələri” ensiklopediyası, “Dədə Qorqud yurdu - Naxçıvan”tarixi-coğrafi və etnoqrafik atlası, iki cildlik “Naxçıvan etnoqrafiyası” kimi fundamental kitablar meydana çıxmışdır. O, həm də bu kitabların əsas müəlliflərindən biridir. Ümumiyyətlə, Hacıəxrəddin müəllim  50-yə yaxın kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait və dərs proqramının, 350-dən artıq elmi məqalənin və tezisin müəllifidir.

AMEA Naxçıvan Bölməsi “Elmi əsərlər” jurnalının baş redaktorunun müavini olan  Hacıfəxrəddin müəllim   respublika və xarici ölkələrdə Azərbaycan tarix  elmini layiqli şəkildə təmsil edir.

O, ictimai fəaliyyəti ilə də xalqımıza ləyaqətlə xidmət göstərmişdir. Belə ki,  IV, V, VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş və komitə sədri olmuşdur.

Professor Hacıfəxrəddin Səfərlinin elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qitmətləndirilmiş, o, AMEA-nın müxbir üzvü seçilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar buraxılmış xatirə qızıl medalı və fəxri fərmanlarla  təltif olunmuşdur.  

Hacıfəxrəddin Səfərli kadr hazırlığı işində də fəallıq göstərir. O, AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən doktorluq Dissertasiya şurasının sədr müavini və AMEA Tarix və Etnologiya İnstitutunda fəaliyyət göstərən doktorluq Dissertasiya şurasının üzvü kimi tarix elminin sıralarının yeni qüvvələrlə genişlənməsi, zənginləşməsi üçün böyük əzmlə çalışır. Alim–pedaqoqun rəhbərliyi altında 4 gənc tədqiqatçı dissertasiya müdafiə edib,elmi dərəcə almışdır.Rəhbərliyi ilə bir neçə nəfər fəlsəfə doktoru və elmlər doktoru dissetasiyaları üzərində işləməkdədir.

Hacıfəxrəddin müəllimin yetişdirdiyi alimlərdən biri də Naxçıvan Dövlət Universitetinin rektoru, istedadlı alim, gözəl pedaqoq, yorulmaz təşkilatçı Elbrus İsayevdir. O, “Azərbaycan” qəzetində çap olunmuş “Vətən tarixinin fədakar salnaməçisi” adlı məqaləsində öz müəlliminin fəaliyyətinə, şəxsiyyətinə çox düzgün qiymət vermişdir: “Azərbaycan tarix elminin görkəmli nümayəndəsi,  zəhmətkeş və məhsuldar epiqraf alim  Hacıfəxrəddin Səfərli yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda əqidəliliyi, prinsipiallığı və əzmkarlığı ilə  tanınan ziyalıdır”.

Biz də bu fikirlə tam şəkildə həmrəy olduğumuzu bəyan edir,hörmətli yubilyar, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Hacıfəxrəddin Səfərlini anadan olmasının 75 illiyi münasibətilə ürəkdən təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Əbülfəz Quliyev,
AMEA-nın müxbir üzvü

Chosen
26
ikisahil.az

1Sources