EN

Azərbaycanda bank klubu məhkəməyə verdi - Valyuta ittihamı

"Sumqayıt" Futbol Klubu valyuta tənzimi qaydalarını pozma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Mərkəzi Bank tərəfindən klub barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

İddiaya əsasən, futbol klubu xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb. Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyev belə bir hadisəni istənilən qurum və təşkilatın qarşılaşa biləcəyi sadə, gündəlik texniki çətinlik və məhkəməyə müraciət prosedur qaydası adlandırıb.

"Sumqayıt" Futbol Klubu xaricdən gətirilən mallarla əlaqədar Gömrük Bəyannaməsi verib, bəyannamədə texniki səhvə yol verildiyi üçün Mərkəzi Bank malların ölkəyə gətirilməməsi ehtimalı səbəbindən inzibati xəta halının olub-olmaması ilə bağlı məhkəməyə müraciət edib.

Bu, sadəcə inzibati xəta faktının olub-olmamasının araşdırılması məqsədilə edilib.

Mərkəzi Bankın tələbi ilə klub tərəfindən Dövlət Gömrük Komitəsinə gətirilən malların Bəyannaməsi ilə bağlı korreksiya üçün müraciət ünvanlayıb və DGK-nın razılığı ilə müvafiq düzəliş edilib.

Bu, istənilən qurum və təşkilatın qarşılaşa biləcəyi sadə, gündəlik texniki çətinlikdir və məhkəməyə müraciət prosedur qaydadır", - deyə Z.Xudiyev bildirib.

Valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Chosen
14
1
sportinfo.az

3Sources