EN

Biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq

Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitində onu da qeyd etdi ki, multikulturalizm bizim həyat tərzimizdir

«Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.» Dövlət başçısı İlham Əliyev COP29-un Liderlər Sammitində onu da əlavə etdi ki, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə ölkəmiz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir.

Tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Çıxışlarında «Azərbaycan yerləşdiyi coğrafiya ölkəmizin regionda oynadığı rolu bir növ əvvəlcədən müəyyən edir və biz mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfəmizi veririk» söyləyən Prezident İlham Əliyev bu inamı da ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə  2016-cı ilin ölkəmizdə «Multikulturalizm İli», 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan edilməsi, bununla yanaşı, 2015-ci ildə ilk Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanmasına yeni əlavələr etdi. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi fonunda bu reallıq da hər zaman önə çəkilir ki, bu, bizim sivilizasiyalar və dinlər arasında oynadığımız körpü rolu ilə bağlıdır. Azərbaycanda dini dözümlülük və multikulturalizm ənənəsi artıq kifayət edir ki, belə tədbirlərin mərkəzində olsun.

Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər öyrənilməyə və təbliğ olunmağa layiqdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev Ümummilli Liderin «Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik» tezisinin davamı olaraq “Azərbaycanın təcrübəsi, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır” fikirlərini səsləndirməklə  ölkəmizin multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin aydın ifadəsini yaratmış olur. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayır. 

Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir. Ölkəmiz bütün dünyaya nümayiş etdirir ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verər və nəticədə bu işlə məşğul olanların özlərinə xələl gətirər. Azərbaycanın dünyaya nümunə olan inkişaf modeli davamlı uğurlara geniş yol açır. İslahatçı ölkə kimi tanınan Azərbaycanın uğurları göz önündədir. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı, həmçinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi  dövrdə dövlətimizin iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi  yönümündə atdığı addımlar öz bəhrəsini verdi. Azərbaycan bu çətinliklərdən az itki ilə çıxan ölkə kimi tanındı.

Atılan addımlar, ümumilikdə, ölkəmizin hərtərəfli inkişafını təmin edir ki, bu da öz növbəsində Azərbaycanın dostluq, qardaşlıq körpüsü roluna təsirsiz deyil. «Biz siyasətimizi real vəziyyətə uyğun qururuq. Bəzən biz vəziyyəti dəyişməyə müvəffəq oluruq. Azərbaycan həm də bəzi dövlətlər arasında problemlərin olduğu vaxtda kommunikasiya baxımından sabitləşdirici amil rolunu oynayır» söyləyən cənab İlham Əliyev bu fikirləri ilə Azərbaycanın bölgədə sabitləşdirici amil olmasına da işıq salır. Ölkəmizin bu gün etibarlı tərəfdaş kimi tanınması və nüfuz qazanması uğurlu siyasətin nəticəsidir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri nəinki iştirakçı ölkələrin, eyni zamanda, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına şərait yaradır.

Günümüzün reallıqları bu mühüm məqamı da təsdiqləyir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq birgə səylərin göstərilməsini bir tələb kimi qarşıya qoyur.  Əsas olan budur ki, maraqlar ədalət prinsipini üstələməsin. Vətən müharibəsində qazanılan Zəfər, onun yaratıdığı reallıqlar fonunda «Xarıbülbül» musiqi festivalı ənənəsinin bərpası  Azərbaycanda yaşayan müxtəlif dinlərə, dillərə məxsus xalqların birliyinə və həmrəyliyinə işıq saldı.  Belə ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanda  yaşayan müxtəlif millətlərin nümayəndələrinin Ermənistanın işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda birgə vuruşması da göstərdi ki,  Azərbaycan dinindən, dilindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün müqəddəsdir, doğmadır. Milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqların dini bayramlarının, ayinlərinin keçirilməsi də ölkəmizdə multikultural dəyərlərə göstərilən diqqətdir. 2021-ci ildə ölkəmizdə yaşayan xadqların, millətlərin nümayəndələri  Şuşada keçirilən «Xarıbülbül» festivalında əsrlərə söykənən milli birlik və həmrəyliklərini nümayiş etdirdilər. Cənab İlham Əliyev festivaldakı çıxışında bildirdi ki, bu tədbirdə  ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər: «Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.» Həmin festival Azərbaycanda multikultural dəyərlərin musiqi dili ilə təcəssümü kimi dəyərləndirildi. Mədəniyyət paytaxtımız Şuşada təşkil olunan festivalda ölkəmizdə məskunlaşan müxtəlif xalqların milli rəqslərinin nümayişi, həmçinin tolerantlıq nümunəsi oldu.  İşğaldan azad olunan ərazilərimizə səfərləri zamanı ermənilər tərəfindən dağıdılan, viran qoyulan dini abidələrin bərpa olunması istiqamətində mühüm addımlar atan  Prezident İlham Əliyevin alban, udi xalqlarına məxsus kilsələrin də təmirinə diqqət göstərməsi Azərbaycanın multikultural siyasətindən qaynaqlanan humanizmdir.

Qısa təhlil Azərbaycanın yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətlər, dinlər arasında körpü roluna  aydınlıq gətirdi. Bu körpü daim Azərbaycanın əməkdaşlıq çağırışlarının reallığa çevrilməsi ilə daha da möhkəmlənir. Hazırkı dövrün əsas çağırışı məhz yeni körpülərin salınmasıdır. İki həftə Azərbaycanı dünyanın mərkəzinə çevirən COP29 bu körpülərin salınmasında əhəmiyyətli rol oynayacaq. Bunu həm  keçirilən görüşlərdə müzakirə olunan məsələlər, həmçinin tədbir çərçivəsində imzalanan sənədlər təsdiqləyir. Cənab İlham Əliyev  Liderlər Sammitində onu da vurğuladı  ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Azərbaycanın xarici siyasətinin əsas istiqaməti olan ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə göstərdiyi diqqət, eyni zamanda, birliyə, həmrəyliyə, birgə səylərin göstərilməsinə çağırışları təqdir edilir, davamlı uğurlara yol açır.  Cənab İlham Əliyev bu il 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində xarici siyasət uğurlarımızdan bəhs edərkən xüsusi qeyd etdi ki,  tarixi Zəfərimizdən sonra  beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bu çağırış da səsləndirildi ki, bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur. Həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz isə daha da inkişaf edir və edəcək.

Göründüyü kimi, Azərbaycan daim yeni körpülərin qurulmasında maraqlıdır və bunu irəli sürdüyü təşəbbüsləri, real addımları ilə dünyaya nümayiş etdirir. Tolerant, multikultural dəyərlərə davamlı töhfələr verən ölkə kimi tanınmağımız  özündə mühüm mesajları ehtiva edir.

Yeganə Əliyeva, «İki sahil»

Chosen
19
ikisahil.az

1Sources