EN

Dünya Bankı Cənubi Qafqazda iqlim təşəbbüslərini genişləndirir - Roland Prays - FOTO

Dünya Bankı (DB) iqlim dəyişikliyi ilə mübarizəni öz missiyasının mərkəzinə qoyub.

Milli.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib.

Prays təşkilatın strateji iqlim təşəbbüslərindən və əldə olunan irəliləyişdən danışıb.

"2023-cü ilin oktyabrında biz mandatımızı yenidən nəzərdən keçirdik. Bu, hamıya bir siqnal oldu ki, artıq iqlim yoxsulluqla mübarizə üzrə əsas missiyamızın mərkəzində dayanır", - deyə o qeyd edib.

DB-nin iqlim dəyişikliyinə dair səylərinin mərkəzində üç əsas təşəbbüs dayanır. Birinci təşəbbüs İqlim və İnkişaf üzrə Ölkə Hesabatlarıdır (CCDR). Bu, üç il əvvəl təqdim edilmiş diaqnostik vasitədir.

"Hesabatın məqsədi hökumətlərə prioritet fəaliyyətləri müəyyən etməyə kömək etməkdir. Bu fəaliyyətlər istixana qazı emissiyalarını azaldır, uyğunlaşma və dayanıqlılığı artırır, eləcə də daha geniş inkişaf hədəflərinə nail olmağa töhfə verir. Əsas məqam ondadır ki, burada seçimlər mövcuddur. Bu, hökumətləri düşünməyə vadar edir: əgər ixtiyarınızda xərcləmək üçün 1 dollar olsaydı, iqlim və inkişaf sahəsində ən yüksək nəticəni harada əldə edə biləcəyinizi müəyyənləşdirə bilərsiniz?", - deyə o bildirib.

İkinci təşəbbüs iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşdirmənin genişləndirilməsinə yönəlib. Prays bildirib ki, DB iqlim maliyyələşdirilməsinə ümumi kredit portfelinin 35 faizini ayırmaq üzrə ilkin məqsədini aşaraq, keçən maliyyə ilində rekord həddə - 42,6 milyard dollara çatıb.

"2025-ci ilin 30 iyununda başa çatacaq maliyyə ili ərzində bu rəqəmi 35 faizdən 45 faizə yüksəltməyi planlaşdırırıq. Bu, əhəmiyyətlidir, çünki bank balansı optimallaşdırıldıqca ümumi kreditləşmə artacaq, bu isə həm faiz, həm də iqlim maliyyələşdirilməsinə ayrılan məbləğin artması deməkdir", - deyə o bildirib.

Üçüncü təşəbbüs tərəfdaşlıqların inkişafına yönəlib. Prays çoxsahəli inkişaf bankları və özəl sektorla əməkdaşlığın vacibliyini vurğulayıb.

"Son bir il ərzində biz daha məqsədyönlü fəaliyyət göstərmişik. 2030-cu ilə qədər iqlim dəyişikliyi ilə mübarizə üçün hər il 120 milyard dollar ayırmaq məqsədimizi müəyyən etmişik", - deyə o əlavə edib.

Prays bildirib ki, COP29 sammiti, DB-nin iqlim problemlərinin həlli üzrə səylərini nümayiş etdirmək və iqlim siyasətində liderliyini gücləndirmək üçün unikal bir fürsət təqdim edir.

"Biz iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə təmin edən əsas çoxtərəfli inkişaf bankı olaraq qalırıq. Bu təşəbbüslər bizim iqlim problemlərinin həllinə və dayanıqlı inkişaf məqsədlərinə dəstək öhdəliyimizi əks etdirir", - deyə o bildirib.

Özəl sektorun iqlim maliyyələşdirilməsində rolu

Daha sonra Dünya Bankının regional direktoru iqlim təşəbbüslərinin maliyyələşdirilməsinə və az karbonlu iqtisadiyyata keçidə özəl sektorun cəlb edilməsi barədə danışıb.

"Hökumətlər bu məsələnin öhdəsindən təkbaşına gələ bilməzlər. Hətta çoxsahəli inkişaf banklarının dəstəyi ilə belə bu, olduqca böyük bir çağırışdır. Məhz buna görə də biz diqqətimizi özəl sektorun, investisiyaların və maliyyələşdirmə imkanlarının genişləndirilməsinə yönəldirik", - deyə o bildirib.

Prays qeyd edib ki, Dünya Bankı hökumətlərə az karbonlu iqtisadiyyata keçid üçün strukturlaşdırılmış yol xəritələri hazırlamaqda kömək edir və bu prosesdə özəl sektorun aparıcı rolunu vurğulayır.

"Bu yol xəritələri hökumətlərə dayanıqlı inkişaf yolunda atılmalı olan addımları və özəl sektorun oynaya biləcəyi rolu aydın şəkildə göstərir," - deyə o bildirib.

Bu istiqamətdə atılan əsas addımlardan biri Dünya Bankında iqlim maliyyələşdirilməsinin səfərbər edilməsi üzrə xüsusi bölmənin yaradılmasıdır.

"Iqlim maliyyələşdirilməsi hökumətlər üçün ya kifayət qədər əlçatan deyil, ya da çox bahalıdır. Yeni bölmə özəl sektor və donorların qrantlarını bankın maliyyə alətləri ilə, məsələn, Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) resursları ilə birləşdirir. Bu, iri iqlim layihələrini, o cümlədən dövlət-özəl tərəfdaşlığı və karbon bazarlarını dəstəkləməyə imkan yaradır," - deyə o əlavə edib.

Dünya Bankı həmçinin karbon maliyyələşdirilməsini fəal şəkildə inkişaf etdirir, ölkələrə emissiyaların azaldılması üçün bazarlar yaratmaqda kömək edir.

"Getdikcə daha çox ölkə karbon bazarlarını təşkil etməyin yollarını axtarır. Məqsəd odur ki, ölkələr və şirkətlər emissiyalar üzrə kvotalarını alıb-sata bilsinlər və bu yolla qlobal iqlim hədəflərinə çatsınlar. Emissiyaları uğurla azaldan ölkələr bu mexanizmlər vasitəsilə əlavə maliyyə əldə edə bilərlə," - deyə o bildirib.

Çoxsahəli inkişaf banklarının iqlim maliyyələşdirilməsinin artırılması üçün əməkdaşlığı

Roland Prays çoxsahəli inkişaf banklarının inkişaf proseslərinə iqlim amillərini inteqrasiya etmək məqsədilə yeni yanaşmaları barədə danışıb.

"Çağırış həqiqətən böyükdür. Biz həmişə ayrı-ayrı ölkələrlə onların inkişaf ambisiyalarına uyğun şəkildə işləyirik. İndi isə bu müzakirələr getdikcə daha çox iqlim məsələlərini əhatə edir," - deyə o bildirib.

Regional direktor iqlim aspektlərinin müxtəlif layihələrə necə daxil edildiyini izah edib.

"Məsələn, əvvəllər yalnız daha yaxşı məktəblərin tikintisindən danışırdıqsa, indi infrastrukturu iqlim dəyişikliklərinə dayanıqlı etmək və ya elektrik təminatı üçün günəş panelləri quraşdırmaq yollarını müzakirə edirik. Hökumətlərlə əməkdaşlıqda diqqətimizi getdikcə daha çox istixana qazı emissiyalarına, uyğunlaşmaya və dayanıqlığa yönəldirik," - deyə o bildirib.

Prays iri layihələrin həyata keçirilməsində əməkdaşlığın vacibliyini də qeyd edərək, Qara dənizdəki sualtı kabel layihəsini misal çəkib. "Bu, 3 milyard dollar dəyərində infrastruktur proqramıdır. Bilirik ki, bank və hökumətlər bunun öhdəsindən təkbaşına gələ bilməzlər. Buna görə də Asiya İnkişaf Bankı və, mümkün ola bilər ki, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi digər banklarla fəal əməkdaşlıq edirik," - deyə o bildirib.

Cənubi Qafqazda həssas təbəqələrin dəstəklənməsinə DB-nin töhfəsi

Roland Prays qeyd edib ki, Dünya Bankı Cənubi Qafqazda iqlim dəyişikliyinə uyğunlaşma və bu dəyişikliklərə dayanıqlıq sahələrinə xüsusi diqqət yetirərək, ən həssas təbəqələrə fəal şəkildə dəstək verir.

"Biz ən kasıb və həssas icmalara diqqət yetiririk", - deyə o vurğulayıb.

O, xüsusilə təbii fəlakətlərə məruz qalan bölgələrdə, məsələn, sahilyanı ərazilər və çay sahillərində dayanıqlı icmaların yaradılmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Dünya Bankı Cənubi Qafqaz dövlətləri ilə enerji və nəqliyyat kimi əsas sektorlarda aşağı karbonlu texnologiyalara keçidi əhatə edən yol xəritələrinin hazırlanması üzrə fəal əməkdaşlıq edir. O, emissiyaların azaldılması üçün dayanıqlı nəqliyyatın əhəmiyyətini vurğulayıb.

Azərbaycanda xüsusilə su çatışmazlığı problemi əsas müzakirə mövzularından biri olub.

"Suvarma kanallarının əksəriyyəti yenilənməyə ehtiyac duyur", - deyə Prais bildirib.

O, suyu qənaətlə istifadə etməyə imkan verən, eyni zamanda yüksək məhsuldarlığı dəstəkləyən iqlimə uyğun kənd təsərrüfatı texnologiyalarının tətbiqinin vacibliyini vurğulayıb.

Gürcüstanda diqqət enerji keçidi və kənd təsərrüfatı sektorunun modernləşdirilməsinə yönəlib. Prais bu təşəbbüsləri iqlim dəyişikliyi problemini yerli səviyyədə həll etməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsi kimi xarakterizə edib.

"Bizim işimiz iqlim dəyişikliklərinə cavab verə biləcək infrastrukturu yenidən nəzərdən keçirməkdir, çünki bu dəyişikliklər getdikcə daha çox baş verir", - deyə o əlavə edib.

Prays Xəzər dənizinin səviyyəsinin azalması və bunun Orta Dəhlizin əsas ticarət marşrutu kimi istifadəsinə mümkün təsirləri məsələsinin aktuallığını da vurğulayıb.

"Biz iqlim dəyişikliyinin ticarətə, xüsusilə Orta dəhlizə təsirini nəzərdən keçirdik. Bu dəhliz Asiyanın mərkəzindən başlayır, Xəzər dənizini keçərək Qafqaz və Qara dəniz üzərindən Avropa ilə Şərqi birləşdirən mühüm multimodal marşrutdur. Dəniz və dəmir yolu marşrutları da daxil olmaqla, multimodal daşımalar zamanı oxşar çağırışlar yaranır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, quraqlıq, daşqınlar və ekstremal istilik kimi iqlim riskləri nəqliyyat infrastrukturunun tikintisi və bərpası zamanı nəzərə alınmalıdır.

"Bu şərtlər materialların seçiminə və relslərin yerləşdirilməsinə təsir edir. Bunlar bizim diqqət yetirdiyimiz vacib aspektlərdir. Mən yanaşma dəyişikliyindən danışanda nəzərdə tuturam ki, bu gün bizim qurumlar və hökumətlər bu faktorları işlərinə inteqrasiya edir. İqlim artıq uzaq bir təhdid deyil - o, hər gün bizə təsir edir. Buna görə də, iqlim dəyişikliyinə uyğunlaşma və təbii fəlakətlərə qarşı həssaslığın azaldılması bizim gündəlik fəaliyyətimizin ayrılmaz hissəsinə çevrilib", - deyə Prays vurğulayıb.

Dünya Bankı Cənubi Qafqazda iqlim çağırışları barədə danışıb

"Bəzi ölkələr, o cümlədən əvvəllər yağıntılar vasitəsilə təmin olunan su mənbələrinin azalması səbəbindən, su resurslarının ciddi çatışmazlığı ilə üzləşir. Həm quraqlıq, həm də su çatışmazlığı ciddi problemlər yaradır. Daşqınlar da həll edilməli olan başqa mühüm bir problemdir. Bunlar bizim dəstək göstərdiyimiz ölkələr üçün real çətinliklərdir. Biz universal alətlərdən istifadə edir və hökumətlərə dərin analiz aparmaq və prioritetləri müəyyən etməkdə kömək etmək üçün səylərimizi birləşdiririk. Məqsədimiz həllər tapmaq və eyni zamanda uzunmüddətli inkişaf hədəflərinə çatmaqda irəliləyiş əldə etməkdir", - deyə Prays bildirib.

Dünya Bankının əsas alətlərindən biri ölkələrin aşağı karbonlu iqtisadiyyata keçid strategiyalarını hazırlamasına istiqamət verən İqlim və İnkişaf Hesabatıdır.

"Biz həmçinin iqlim çağırışlarına uyğunlaşdırılmış layihələr yaradan dayanıqlı infrastruktura fəal şəkildə investisiya yatırırıq. Bundan əlavə, köhnə obyektlərin dəyişən iqlim tələblərinə uyğunlaşdırılması da mühüm əhəmiyyət daşıyır. Ancaq biz anlayırıq ki, iqlim layihələrinin uğurla həyata keçirilməsi institusional potensialın möhkəmləndirilməsi olmadan mümkün deyil. Bu, həm dövlət qurumlarına, həm də kiçik bizneslərə aiddir. Bir çox müəssisə məhsullarını yeni iqlim şəraitinə uyğunlaşdırmaq üçün dəstəyə ehtiyac duyur. Buna görə də, biz potensialın artırılmasına və bu problemləri həll etmək üçün texniki yardım göstərməyə diqqət yetiririk. Bu tədbirlər Dünya Bankının Cənubi Qafqaz ölkələrinə iqlim dəyişikliyinə və onun təsirlərinə qarşı mübarizədə kömək etdiyi praktiki addımların yalnız bir hissəsidir", - deyə Prays yekunlaşdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
2
2
milli.az

3Sources