EN

Bakı Xəzərin harayını dünyaya çatdırır

Xəzər zəngin biomüxtəlifliyə və ekosistemə malik unikal təbii mühitidir. Bununla belə dənizin yerləşdiyi region da son onilliklərdə ciddi ekoloji problemlərlə üzləşib. Əsas problemlərdən biri iqlim dəyişikliyi və onun təsirləridir”. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.

Nazir müavini bildirib ki, su hövzəsinin səviyyəsinin azalması ilə bağlı dramatik hadisələr baş verir. Dənizinin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır. Son 30 ildə dəniz səviyyəsi 2,5 metrə yaxın azalıb, illik azalma 20-30 santimetrə çatıb. Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev isə deyib ki, bütün sahil xətti boyunca 22 min kvadratkilometr ərazidən su çəkilib. Dayazlaşma bunda sonra da davam edəcək.

Araşdırmalar göstərir ki, 2030-cu ilə qədər Xəzər dənizinin səviyyəsi 29,6 metrə enəcək. 2050-ci ilə qədər isə dəniz səviyyəsi 32 və ya 34 metrə çata bilər. Bu əsrin sonlarına qədər Xəzərdəki dəniz səviyyəsinin 9-18 metr aşağı düşməsi proqnozlaşdırılır. Araşdırmalara görə, XXI əsrdə Xəzər dənizinin səviyyəsi, təxminən, iki dəfə çoxalıb. Suyun səviyyəsinin 9-18 metr enməsi nəticəsində dənizin geniş şimal rəfinin dibi, cənub-şərqdə Türkmən şelfi və orta və cənub hissəsində isə bütün sahil bölgələri qurumağa başlayıb. Bundan əlavə, dənizin şərq kənarındakı Qara–Boğaz–Göl körfəzinin tamamilə quruyacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Xəzərdə suyun səviyyəsinin 9 metr aşağı düşməsi ilə onun sahəsinin 23 faiz azalması gözlənilir. Bu sürətlə Xəzər dənizi, xüsusən də onun şimal hissəsi gəmiçilik və neft hasilatı hesabına itirilə bilər.

Dayazlaşma özü ilə birlikdə problemlər yaradır

Dayazlaşma bir sıra problemlərə səbəb olur. Həmin problemlərin cəmiyyət üçün nəticələrini isə birbaşa və dolayı olmaqla iki kateqoriyaya bölmək olar. Birbaşa nəticələr, məsələn, bioloji resursların (kommersiya növləri və onların qida mənbələrinin) itirilməsidir. Səviyyənin enişi bütün dəniz ekosisteminə, o cümlədən dənizin bioloji məhsuldarlığına mənfi təsir göstərir. Xəzərdə bioloji aktivlik 25 metr dərinliyə qədər müşahidə olunur, ən məhsuldar dərinliklər isə günəş işığının nüfuz etdiyi 5-10 metrdəki təbəqədir. Su səviyyəsinin azalması səbəbindən bentik orqanizmlər yeni yaşayış yerlərinə köçməyə vaxt tapmır, bu da bütün ekosistemin biokütləsinin azalmasına gətirib çıxarır. Bundan başqa, iqlim dəyişikliyinin təsiri balıqların, köçəri quşların və endemik Xəzər suitisinin əsas qida mənbələrinin yerləşdiyi Şimal hissəsinin dayaz sularında daha aydın hiss olunur. Balıqların, o cümlədən nərəkimilərin kürütökmə yerləri də yox olmaq təhlükəsi ilə üz-üzədir. Beləliklə, Xəzər regionu ölkələrinin nərə və digər kommersiya balıqlarının ehtiyatları davamlı şəkildə azalır.

Xəzər ekosisteminə əlavə təzyiq isə çirklənmə, brakonyerlik və həddindən artıq balıq ovu kimi ekoloji problemlərdən qaynaqlanır. Birbaşa təsirə. həmçinin dəymiş zərərin ödənilməsi xərcləri də (məsələn, balıq yetişdirmə obyektlərinin tikintisi) daxildir.

Xəzərin dayazlaşmasından sahilyanı dövlətlərin iqtisadiyyatı da əziyyət çəkir. Yerli limanların girişi lillənir, bu da gəmilərin dayanmasına, vaxt və pul itkisinə səbəb olur. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın sözlərinə görə, Xəzər dənizində su səviyyəsinin davamlı azalması təkcə ekoloji problem deyil, həm də iqtisadi inkişafın məhdudlaşdırılmasıdır: “Su səviyyəsinin azalması artıq sahilyanı ölkələrin iqtisadiyyatına təsir göstərir. Bəzi gəmilər tutumunun yalnız 50 faizi qədər yüklənir. Quraşdırılmış avadanlıqların və tikilmiş infrastrukturun bir hissəsi artıq istifadəyə yararsızdır”.

Xərclər isə artır. Məsələn, Qazaxıstanın Aktau limanında naviqasiya marşrutlarının saxlanması xərcləri son 5 ildə 30 faiz çoxalıb və Bakı limanı ilə bağlı da oxşar problemlər müşahidə olunur. Sahilyanı ölkələrin dənizin dayazlaşması səbəbindən ümumi iqtisadi itkiləri ildə bir milyard dollara çata bilər.

Dolayı nəticələr isə ekosistemlərin özünütəmizləmə qabiliyyətinin itirilməsi ilə bağlıdır. Dağıstan Dövlət Universiteti Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Zarema Soltanmuradova qeyd edib ki, havanın temperaturunun artması buxarlanmanın artmasını, yağıntının azalması isə çay suyunun axını azaldır: “Su səthinin sahəsinin azalması sahilyanı ekosistemlərin deqradasiyasına, bir çox quş və balıq növlərinin yaşayış yeri olan bataqlıqların və deltaların yox olmasına gətirib çıxarır. Xəzər suitisi və nərə balığı kimi nadir növlər yaşayış yerlərinin itirilməsi və qida zəncirindəki dəyişikliklər səbəbindən təhlükə altındadırlar. Dayazlaşma başqa ciddi problemin yaranmasına da səbəb olur. İlk növbədə suyun duzluluğu dəyişir ki, bu da orada yaşayan bitki və heyvanlara mənfi təsir göstərir. Bu, biomüxtəlifliyin azalmasına, balıqçılığın zəifləməsinə və nəticədə iş yerlərinin itirilməsinə səbəb olur. Dəniz özünütənzimləyə və əvvəlki vəziyyətinə qayıda bilmir”.

Uğursuz cəhd

Bəs, Xəzəri xilas etmək üçün nə kimi işlər görülür? Hələ sovet dövründə hidrotexniki qurğuların tikintisi ilə dənizin səviyyəsini sabitləşdirməyə cəhdlər edilib. Xüsusilə, 1980-ci ildə su hövzəsinin şərq sahilində yerləşən Qara–Boğaz–Göl körfəzi üzərində damba inşa edilərək ona suyun daxil olmasının qarşısı alınıb. Güman edilirdi ki, bu, dəniz səviyyəsini sabitləşdirəcək. Bundan sonra suyun səviyyəsi qalxıb. Amma tezliklə bu layihənin mənfi tərəfləri də üzə çıxmağa başlayıb. Körfəz quruyaraq duz səhrasına çevrilib. Nəticədə qiymətli kimyəvi məhsul olan Qlauber duzunun hasil edildiyi xalq təsərrüfatı üçün çox vacib olan buxta itirilib. Külək isə duzu geniş ərazilərə yayaraq insan sağlamlığına və kənd təsərrüfatına mənfi təsir göstərməyə başlayıb.

1984-cü ildə körfəzin qurumasının qarşısını almaq məqsədilə dambada suötürücü qurğular quraşdırıldı. Burada quraşdırılan 11 boru səmərəsiz olduğundan 1992-ci ildə damba partladıldı və dənizdən su yenidən körfəzə axıdıldı. Bu da Xəzər dənizinin səviyyəsinin aşağı düşmə proseslərinin intensivləşməsinə səbəb oldu. 1990-cı illərdə körfəzin əvvəlki səviyyəsi bərpa edilsə də, iqlim və təbii proseslərlə yanaşı, vəziyyəti daha da gərginləşdirdi. Yəni dənizin səviyyəsinin aşağı salınması prosesini sürətləndirdi. Beləliklə, ilk cəhd uğursuz oldu.

5 milyon insan risk altındadır

Problem mümkün qədər tez həll olunmalıdır, çünki əks halda 5 milyona qədər insan risk altında qalacaq. Artıq bu istiqamətdə müəyyən addımlar atılır. Rusiya və Azərbaycan Xəzər dənizinin problemlərinə qarşı mübarizə çərçivəsində əməkdaşlığa başlayıb və bu məqsədlə üçün işçi qrupu yaradılıb. Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra ölkələr bu istiqamətdə fəal işə başlayıb.

Xəzərin problemləri COP29 sessiyası çərçivəsində müzakirə olunub. Toplantıda Xəzəryanı ölkələrin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə Xəzər dənizinin qarşılaşdığı ciddi ekoloji və humanitar böhranları, o cümlədən iqlim dəyişikliyinin mənfi təsirləri, biomüxtəlifliyin itirilməsi, torpaq deqradasiyası və çirklənmənin nəticələrindən bəhs edilib. Bildirilib ki, qarşıdakı onilliklərdə Xəzərdə suyun səviyyəsinin enməsi ehtimalının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Həmin vəziyyət ekosistemləri məhv edə, əhalinin yaşayış yerlərini tərk etməsinə gətirib çıxara və iqtisadiyyatları təhdid edə bilər. Balıqçılığın azalması, suyun duzluluğunun artması və Xəzər suitisi kimi unikal növlərin təhlükə altında olması da vurğulanıb. Böhran təkcə ekoloji deyil, həm də humanitar xarakter daşıyır, dolanışıq və ərzaq təhlükəsizliyinə təsir edərək milyonlarla insanın gündəlik həyatına ciddi təsir göstərə bilər.

Tədbirin sonunda “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksək vəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbul edilib.

Ə.PÜNHAN
XQ

Chosen
27
xalqqazeti.az

1Sources