EN

Xəzər bizim milli sərvətimizdir

Xəzər dənizi Azərbaycanın dünyaya çıxış yollarından biri kimi strateji əhəmiyyət daşıyır. Bununla bərabər, tükənməz  neft və dəniz məhsullarının zənginliyi ilə milli sərvətimizdir. Lakin son illər hansı səbəbdənsə dənizin səviyyəsinin enməsi, suyun azalması balıqların və digər canlıların məhv olmasına şərait  yaradır.

COP29 çərçivəsində aparılan müzakirələrdə Xəzər dənizi ilə bağlı durum əsas diqqət mərkəzində yer alan məsələlərdən biri oldu. Təbii ki, problem təkcə Azərbaycanın olmayıb  sahilyanı ölkələr üçün də təhlükə yaratdığından onların da məsələnin həlli üçün birgə səylər göstərməsi zəruri xarakter daşıyır. COP29-da bu xüsusda sahilyanı ölkələr tərəfindən atılan addımlar yuxarıda göstərilənlərlə bağlı böyük əhəmiyyətə malikdir. Xoşdur ki, tədbir çərçivəsində Xəzərlə bağlı önəmli razılıqlar da əldə olunub. Belə ki, COP29-da təşkil edilmiş Azərbaycan milli pavilyonunda “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması” mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısı keçirilib. Toplantıda Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın nümayəndələri, dövlət rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən təqdim olunan, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabatda dənizdə iqlim dəyişmələri və antropogen təsirlər fonunda ciddi problemlərin yarandığı göstərilib. Qeyd olunub ki, qarşıdakı onilliklərdə Xəzərdə suyun səviyyəsinin bundan sonra da enməsi ehtimalının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Əks halda dənizdəki ekosistemlərin məhvi, sahilyanı ərazilərdə əhalinin yaşayış yerlərini tərk etməsi, Xəzər sahillərindəki ölkələrin iqtisadiyyatlarının təhlükə altına düşməsi qaçılmaz olacaq. Bütün bunlar onun nişanəsidir ki, Xəzərdəki böhran təkcə ekoloji deyil, həm də humanitar xarakter daşıyır, dolanışıq və ərzaq təhlükəsizliyinə ciddi təsir edərək milyonlarla insanın gündəlik həyatında mənfi rol oynayır.

Odur ki, qarşıda duran əsas məsələ bu kimi təbii fəlakətlərin qabaqlanmasına  nail olmaqdır. Məhz buna görə COP29 çərçivəsində keçirilmiş tədbirin sonunda “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksək vəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbul edilib. Sözügedən kontekstdə sahilyanı ölkələrin dənizin ekoloji durumu ilə bağlı koordinasiyalı fəaliyyəti Xəzərin qarşılaşdığı problemlərin həllində şübhəsiz ki, çox  mühüm əhəmiyyət kəsb edəcək. Bu, COP29-un Xəzərin probleminin aradan qaldırılamasına  mühüm töhfəsi kimi də dəyərləndirilməlidir

Birgə razılaşmalar, ilk növbədə, iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün strategiya və uyğunlaşma planının hazırlanmasında həlledici əhəmiyyət daşıya bilər.

UNEP-in icraçı direktoru İnger Andersen bu xüsusda  bildirib: “Beş Xəzəryanı ölkə COP29 çərçivəsində Xəzərin səviyyəsinin azalması ilə bağlı Bəyannamə qəbul etdi. Bu, Azərbaycanın pavilyonunda baş verən tarixi hadisədir. Azərbaycan Tehran Konvensiyasını imzalayan beş ölkəni də bir araya gətirməyə nail olub. Bütün tərəflər razılığa gəlib ki, onlar birgə əməkdaşlıq edərək iqlim dəyişikliyinin yaratdığı təzyiqləri aradan qaldırmaq üçün çalışacaqlar. Bundan əlavə, Xəzər dənizinin bəxş etdiyi zənginliklərdən də birgə faydalanacaqlar. Biz anlamalıyıq ki, anormal iqlim istiləşməsi Xəzər dənizində yağıntıların azalmasına və suyun səviyyəsinin getdikcə enməsinə səbəb olacaq. Beş ölkədən olan alimlər bir araya gələrək bu məsələləri və baş verəcək  iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasını həll etməlidir”.

Bakı Bəyannaməsinə görə, Xəzər dənizinin ekosistemlərinin qorunması əsasən sahilyanı dövlətlərin əlaqələndirilmiş fəaliyyətindən asılıdır. Xəzər dənizində ətraf mühitin monitorinqi və aparılacaq elmi tədqiqatlar sistemli və davamlı xarakter almalıdır. Sistem mümkün qədər çevik, təbii sərvətlərin idarə edilməsinə geniş ictimaiyyətin tədricən cəlb olunmasına uyğun olmalıdır. COP29 çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar da məhz buna xidmət edir. Prinsip isə bu qədər sadədir: Təmiz dəniz, bərabər bölgü. Belə bir işbirliyi indiyədək dünyanın heç bir regionunda alınmayıb.

Dövlətlər qrupunun Bakı Bəyannaməsi bu dövlətlərin tarixində qəbul olunan ilk rəsmi sənəddir. Xeyirli-uğurlu olsun!

Vəli İlyasov, “İki sahil”

Chosen
19
ikisahil.az

1Sources