EN

Onkoloji xəstələrə ayrılmış 60 milyon manat əsas 2 istiqamətdə sərf olunacaq...

Image

Adil Qeybulla: “Bu məbləğə onkoloji xəstələrin müayinəsi, diaqnostikası, müalicəsi, onkoloji klinikaların maddi-texniki bazasının inkişafı və s. xərclər daxildir”

Onkoloji xəstələrə xidmətlə bağlı, müalicənin keyfiyyətinin, xidmətlərin təkmilləşdirilməsi ilə bağlı 2025-ci ilin dövlət büdcəsindən 60,4 milyon manat vəsait ayrılacaq. Bu, 2024-cü illə müqayisədə onkoloji xəstələrin müalicəsinə ayrılan vəsaitdən 10,3 milyon manat və ya 21,1 faiz çoxdur. 

Qeyd edək ki, xərclərin strukturuna Onkologiya Mərkəzi üçün 58,9 milyon manat nəzərdə tutulub. Vəsait onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicə və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə ayrılacaq.

“İstənilən halda… müsbət qarşılamaq lazımdır”

Məsələ barədə fikir bildirən  professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, onkoloji xəstələrin sayı artmaqda davam edir. COVİD19 pandemiyasından sonra ayrı-ayrı onkoloji xəstələrin sayı artıb: “Süd vəzi, prostat, ağ ciyər, yoğun bağırsaq xərçənginə tutulan şəxslərin sayı sürətlə artır. Bu səbəbdən də vəsaitlərin artması təbiidir. Ancaq onu da etiraf edim ki, bu vəsait insanlar üçün yetərli deyil. Nəzərə almaq lazımdır ki, hər bir preparatın qiyməti xeyli bahadır. Həmin preparatların müalicə zamanı istifadə edilməsi üçün qeyd edilən vəsait yetərli deyil. Danılmaz faktdır ki, evini satıb, bankdan kredit götürüb, lombarddan pul götürüb, hətta məcburiyyətdən sələmə girib onkoloji xəstəliyinin müalicəsinə xərcləyən və nəhayətdə pulu çatmayıb sosial şəbəkələrdə bank hesabını paylaşıb insanlardan pul toplayaraq onkoloji xəstəliyini müalicə etdirmək istəyən və buna nail ola bilməyib həyatını itirən xəstələr az deyil. İstənilən halda, onkoloji xəstələrə xidmətlə bağlı, müalicənin keyfiyyətinin, xidmətlərin təkmilləşdirilməsi ilə bağlı ayrılan vəsaitin həcminin artmasını müsbət qarşılamaq lazımdır. Məlumdur ki, 2025-cü ilin dövlət büdcəsindən onkoloji xidmət üçün cəmi 60 milyon manat pul ayrılıb. Bu məbləğə onkoloji xəstələrin müayinəsi, diaqnostikası, müalicəsi, onkoloji klinikaların maddi-texniki bazasının inkişafı və s. xərclər daxildir”.

Günel CƏLİLOVA





Chosen
19
baki-xeber.com

1Sources