EN

“Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans və... - İşçilərin pulu niyə ödənilməyib?

Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsi 26-89-da yaşayan Xasiyev Əliyar Hacı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

Mia.az həmin sayta istinadla məktubu təqdim edir:

“Mən, Xasiyev Əliyar Hacı oğlu, yazaraq bildirirəm ki, 15 mart 2024-cü il tarixində “UPSİLON” şirkətində işə başlamışdım. Bu zaman ikilikdə bağlanan müqaviləni görməmişəm. Mənə 1800 manat əmək haqqı, 250 manat öz maşınıma görə xərc, yanacaqla təminat və ezamiyyət xərci söz verilmişdi.

Birinci ay əmək haqqım vaxtında ödənilsə də, ikinci aydan etibarən pul ödənişlərində problem yarandı. Yəni verilən vədlərin heç birinə əməl olunmadı.

İlk günlərdən Beyləqan rayonunda 22 kənd və magistral xəttinin tikintisi işinə başlamışdıq. Sonra isə Lerik rayonun 145 kəndinin tikintisi əlavə olundu. Hər rayona tikinti işlərinə mühəndislər dəvət etdim. Lakin mənim ödənişlərimin aparılmasında şirkət tərəfindən gecikmələr oldu.

İşin ilk günlərindən bizə nəzarət işlərinə Qasım adlı bir nəfər rəhbərlik edib. O, pul məsələsini həll edirdi. Əmək haqqı kartıma iki dəfə 600 manat, bir dəfə isə 214 manat pul köçürülüb.

08.07.2024-cü il tarixdə məni işdən azad etmələrini və bağlanmış müqaviləmə xitam verilməsini xahiş etdim. Mən çıxandan sonra fəhlələrin pulu verilmədi.

Qeyd edim ki, 20-yə yaxın fəhlə polisə müraciət edib. Lerik rayon prokrurluğunda bu işlə bağlı cinayət işi başlanılıb. Mənə də söz verildi ki, pullarımı geri alacağam, lakin heç bir ödəniş olmadı.

Məsələ ilə bağlı Əmək Müfəttişliyinə müraciət etdim. Sənədlərimi və əmək haqqı kartımdan çıxarışları təqdim etdim. Çox təəssüf ki, nəticə sıfra bərabər oldu. Təkcə mənim əmək haqqımı vermədikləri üçün həmin şirkəti cərimələyiblər.

Mənə vurulan ziyandan əlavə, əmək kitabçamı da şirkətdən geri ala bilmirəm. Şirkət işçilərin əmək haqqında etdiyi saxtakarlıqlardan əlavə, saysız-hesabsız yeyintilərə və vergidən yayınma hallarına da yol verib.

“UPSİLON” şirkəti rabitə işlərinin görülməsi üçün “Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans pul alıb. Lakin bu dövlət vəsaitinin hara xərclənməsi məlum deyil.

Xahiş edirəm, mənə dəyən maddi ziyanın və 5 aylıq ezamiyyət xərcinin, ən əsası da əmək kitabçamın verilməsində mənə köməklik göstərəsiniz.

Onu da bildirim ki, Əmək Müfəttişliyinə əmək kitabçamın verilməməsi və məni sistemdən çıxarmamaqları barədə müraciət etmişdim. Onlar da şirkəti mənim əmək haqqımı vaxtında ödəmədikləri barədə cərimə ediblər. Bu məsələ ilə bağlı az cərimə nəzərdə tutulur. İşdən ayrılma ərizəmi yazandan sonra, məni 1 ay 25 gün sonra işdən azad ediblər. Bu hala görə şirkəti 52 min manat cərimə gözləyirdi.

Respublika Prokrorluğunun 961 qaynar xətti vasitəsilə həm də onlayn şikayət etmişəm. Lakin heç bir nəticə yoxdur.

Fəhlələrə verilən pullar işə heç bir aidiyyatı olmayan, sadəcə VÖEN olan 4 nəfərin adına, hərəsinə 15 min manat pul köçürülüb. Bu da böyük məbləğdə vergidən yayınma faktlarıdır. Lerik rayon Prokurorluğunda izahatımı açıq-aşkar yazmışam. Lakin onlar da mənim haqqımı kobudcasına pozublar".

P.S Qeyd edək ki, tikinti sektorunda illərdir fəaliyyət göstərən “UPSİLON” MMC şirkəti məktəblər, parklar, ofislər və bir sıra dövlət əhəmiyyətli tikinti layihələrinin tikintisini həyata keçirmişdir.

Chosen
15
mia.az

1Sources