İndiki Meksika ərazisində 14-16 əsrlərdə yaşayan azteklərin kəllə formalı fitlərinin dinləyicilərə necə təsir etdiyi yeni elmi araşdırmada ilk dəfə olaraq müzakirə edilib.
Hafta.az-ın “Science Alert”ə istinadən yazdığına görə, iki fərqli təcrübədə iştirak edən 70 avropalı könüllünün beyni "ölüm fiti" kimi tanınan bu cihazların çıxardığı səslərlə sınaqdan keçirilib.
“Həm təbii, həm də süni qaynaqları” olduğu düşünülən səslərin eşitmə qabığında əhəmiyyətli hərəkətlərə səbəb olduğu müəyyən edilib. İştirakçılar bu səsləri son dərəcə mənfi, qorxulu və narahat edən səslər kimi təsvir ediblər.
“Communications Psychology” elmi jurnalında dərc olunan məqalədə isveçrəli və norveçli tədqiqatçılar fit səsinin psixi proseslərə müdaxilə etdiyini bildiriblər. Vurğulanıb ki, beyin təsnif edə bilmədiyi səsə simvolik məna verə bilməz.
Qışqırıq kimi səsləri olan bu fitlərin müharibədə rəqibləri qorxutmaq üçün istifadə edildiyi təxmin olunur. Lakin onların qurban kəsilən insanların sümüklərinin yanında görünməsi bu fitlərin bəzi ayin və mərasimlərdə istifadə olunduğu fikrinə əsas verir.
Bəzi elm adamları ölüm fitlərinin aztek yeraltı dünyası olan Mictlanın güclü küləklərini təqlid etdiyini, bəziləri isə qurbanların ruhlarının eşidildiyini iddia edirlər.
Meksikanın Milli Antropologiya və Tarix İnstitutu (INAH) tərəfindən aparılan yeni bir araşdırma, 15-ci əsrdə şiddətli quraqlığa son qoymaq üçün azteklərin kiçik uşaqları qurban verdiyini ortaya qoyub.
1980-ci ildə Meksikanın paytaxtındakı Templo Mayor adlı böyük məbəddə aparılan araşdırmalar zamanı yaşları 2 ilə 7 arasında olan ən azı 42 uşağın qalıqları tapılıb.
Azteklərin yağış tanrısı Tlaloka həsr olunmuş uşaqlar yonulmuş daş qutularda arxası üstə uzanırdılar. Bəziləri boyunbağı kimi bəzək əşyaları taxıb, ağızlarına yaşıl daş muncuqlar taxıblar.