EN

Yaşıl dünyanın əlvan şeiriyyəti

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Yazıçılar Birliyi təbiət mövzusunda şeirlərdən ibarət “Yaşılım, yaşılım, hara gedirsən” adlı şeirlər toplusu çap etdirib.

Bu barədə “XQ”-yə Azərbaycan Yazıçılar Birliyindən bildirilib. AYB-nin sədri, Xalq yazıçısı Anar kitaba “Dünyanın yaşıllıq həsrəti” başlıqlı “Ön söz” yazıb.

Nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir. Üz qabığında görkəmli rəssam Səttar Bəhlulzadənin “Mənzərə” əsəri verilən kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub. İctimai Birliyin rəhbəri Arzu Bağırovanın “Köksü gözəl qaya dağlara gün dəyəndə...” sərlövhəli məqaləsi də nəşrdə yer alıb.

“Kitabi-Dədə Qorqud”dan başlamış müasir Azərbaycan şairlərinin yaradıcılığına qədər böyük bir dövrü əhatə edən, təbiətə həsr olunmuş poetik əsərlərdən nümunələr toplanmış nəşrin adı mərhum şair Eldar Baxışın şeirindən götürülüb. Təbiətə şair baxışlarının ifadə olunduğu bu şeirlərdə təbiət gözəlliklərinin tərənnümünə geniş yer verilir, yaşıllığın dəyərinə və qorunmasına poetik vurğu salınır. S.Bəhlulzadə ilə yanaşı, kitabda digər fırça ustalarının da rəsm əsərləri var.

“Yaşılım, yaşılım, hara gedirsən” kitabı bədii zövq qaynağı olmaqdan əlavə, təbiəti və ədəbiyyatı sevən oxucular üçün tematik baxımdan sanballı ədəbi mənbədir.

XQ

Chosen
51
4
xalqqazeti.az

5Sources