EN

Azərbaycan qlobal konfransın öhdəsindən asanlıqla gəlir

COP29 konfransı çərçivəsində Mavi Zonada jurnalistlər üçün keçirilən brifinqdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra dünya səviyyəsində çox böyük tədbirlərdən birinə evsahibliyi etdiyini vurğuladı: “Bu qədər böyük tədbirə evsahibliyi etmək cəsarət tələb edir. COP məkanında plenar sessiyalardan tutmuş, nəqliyyata qədər hər bir detal nəzərə alınıb və təşkil edilib. Buna görə Azərbaycana təşəkkür edirəm”.

Türkiyənin 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfini qarşıya qoyduğunu deyən nazir həmin məqsədlə əhalinin sıx olduğu şəhərlərdə elektrikli nəqliyyat vasitələrindən istifadə üçün planların, velosiped və skuterlərdən istifadəni təşviq etmək üçün şəhərlərdə də bir çox qaydaların hazırlandığını bildirdi. Bundan başqa, nazir Türkiyədəki 58 hava limanından 50-si karbon emissiyasının azaldılması üzrə sertifikat aldığını açıqladı: “Gələcək nəslə daha yaxşı, daha yaşana bilən dünya buraxmaq üçün karbon emissiyalarını birlikdə azaltmalıyıq”.

Türkiyəli nazir brifinqdə Zəngəzur dəhlizi barədə də açıqlama verdi. Nazir diqqətə çatdırdı ki, Zəngəzur yolu xüsusi əhəmiyyət kəsb edir: “Türkiyə və Azərbaycan Orta Dəhliz üzərindən həyata keçirilən yükdaşımalarda Zəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərində işləyir”.

Bundan başqa, cənab Uraloğlu dedi ki, son zamanlar Orta Dəhlizin inkişafı istiqamətində bir sıra addımlar atılır: “Azərbaycan da bu dəhlizin mühüm iştirakçılarındandır və dəhlizin inkişafı istiqamətində sərmayələr yatıraraq mühüm işlər görür. Biz də Orta Dəhlizi dəstəkləmək üçün işlər görürük. Həmçinin İnkişaf Yolu Dəhlizi üzərində iş aparırıq. Belə ki, Fars körfəzindən başlayaraq 1 200 kilometrlik yol qət edib Türkiyəyə çatan bu dəhlizi Orta Dəhlizlə birləşdirərək Avropaya çatdırmaq istəyirik”.

Bundan başqa, nazir vurğuladı ki, Türkiyənin də iştirak etdiyi Orta Dəhlizdə elektrikli qatarların və lokomotivlərin fəaliyyəti barədə müzakirələr aparılır: “Buna görə biz böyük investisiyaların yatırılmasını planlaşdırırıq, əməkdaşlığımızı genişləndiririk. Dəhlizlərin bir-biri ilə əlaqəsini təmin edərkən onların üzərində yerləşən marşrutların sayını artırırıq. Bu istiqamətdə Orta Dəhliz barədə danışanda Zəngəzur yolunu xüsusi vurğulamaq istəyirəm. Gələcəkdə bu yol üzərindən daha bir marşrut yaratmaq istiqamətində aktiv işlər gedir”.

Nazir mətbuata açıqlamasında onu da qeyd etdi ki, güclü yağışlar şəhərlərimizin təhlükəsizliyini təhdid edir: “Son zamanlar aramsız yağan güclü yağışlar təbii fəlakətlərə səbəb olur. Bu, təbiət hadisəsi şəhərlərimizin təhlükəsizliyini təhdid edir”.

COP29 çərçivəsində təkcə karbon mövzusuna toxunmadığını deyən nazir bu cür təbiət hadisələri ilə mübarizə aparılması yollarının da müzakirə olunduğunu qeyd edib: “İqlim dəyişikliyini nəzərə alıb şəhər və ölkələrimizi daha yaşanılan səviyyəyə gətirmək üçün çalışırıq”.

Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto)
XQ

Chosen
27
xalqqazeti.az

1Sources