EN

Bir yalanın iki üzü – “erməni soyqırımı” və “erməni qaçqınları”

2023-ü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası bütün ərazisində öz suverenliyini təmin etdikdən sonra Ermənistan siyasi dairələrinin və onlara havadar çıxan müxtəlif xarici mərkəzlərin Azərbaycana qarşı istifadə etməyə çalışdıqları məsələlərdən biri də guya Azərbaycan Respublikası ərazisindən qaçqın düşmüş ermənilərin taleyi ilə bağlı məsələdir. Azərbaycan Respublikası rəhbərliyinin böyük humanizm göstərərək, vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış, lakin 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində vaxtilə onlara sığınacaq vermiş Azərbaycan xalqına qarşı silahlı qiyam qaldırmış erməni əhalisinin Azərbaycanın vətəndaşlığının qəbul edəcəkləri halda bütün siyasi və milli-mədən hüquqlarının təmin ediləcəyinə söz versə də, onlar boyun qaçıraraq Ermənistana köçməyi üstün tutmuşlar. Əlbəttə, bu insanların taleyi anti-Azərbaycan şəbəkəsini maraqlandıran bəlkə də ən sonuncu məsələdir. Lakin buna baxmayaraq, bu şəbəkə sözdə “erməni soyqırımı” ilə yanaşı, “erməni qaçqınları” məsələsindən də faydalanmağa, öz məkrli niyyətlərini həyata keçirmək üçün bu məsələni daim gündəmdə saxlamağa çalışır. Bunlar üçün necə deyərlər, “məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur”. Əslində, bu siyasətin dərin kökləri vardır.

Hələ XVIII əsrdən başlayaraq Avropa dövlətləri və Rusiya Osmanlı imperiyasını sarsıtmaq üçün “erməni kartı”ndan fəal istifadə etməyə, erməniləri öz dövlətinə qarşı qaldırmağa çalışmış və müəyyən qədər buna nail də olmuşlar. Bu qlobal “antitürk” layihənin I Dünya müharibəsi dövründə əməli olaraq həyata keçirilməsi nəticəsində Osmanlı imperiyasının varlığına son qoyulmuşdur. Artıq 110 ildir ki, sözdə “erməni soyqırımı” və “erməni qaçqınları” məsələlərindən Türk dünyasına qarşı iyrənc vasitə kimi istifadə olunur.

Bu baxımdan erməni ideoloqlarının və tarixçilərinin daim qabartmağa çalışdığı Azərbaycan bölgələrində erməni əhalisinin, guya, soyqırımına və deportasiyaya məruz qalmaları haqqında iddiaların və “erməni qaçqınları” məsələsinin obyektiv faktlarla, elmi şəkildə ifşa edilməsinə ehtiyac var.

1918-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra Bakıda kök salmış bolşevik-daşnak qüvvələri və tarixi Azərbaycan ərazisində yaradılmış Ermənistan Respublikasının millətçi şovinist dairələri Azərbaycan dövlətçiliyinə, onun ərazi bütövlüyünə qarşı vaxtilə çar hakimiyyəti tərəfindən ölkəmizin müxtəlif bölgələrində yerləşdirilmiş ermənilərdən yararlanmağı fürsət bildilər. Lakin Azərbaycan Cümhuriyyəti hökumətinin düşünülmüş siyasəti, Qafqaz İslam Ordusunun (QİO) uğurlu hərbi əməliyyatları onların öz məqsədlərinə çatmalarına imkan vermədi. Bakıda Mart qırğınlarını törətmiş daşnak-bolşevik qüvvələrin Azərbaycanın qalan ərazilərini də işğal etmək üçün başladıqları hücum zamanı onlara, hərbi əməliyyatların getdiyi ərazilərdəki (Nuxa, Gəncə, Ərəş, Göyçay, Şamaxı, Cavad qəzalarında) erməni kəndlərində yuva salmış silahlı dəstələr də dəstək vermişdilər. Azərbaycan-türk qoşunlarına qarşı təkcə Bakı sovetinin əksəriyyəti ermənilərdən ibarət olan qoşunları deyil, həm də adı çəkilən qəzalarda yaşayan erməni əhalisi də əlində silah vuruşur, QİO-a arxadan zərb vururdu. Ona görə də QİO komandanlığı qarşısında duran əsas məsələlərdən biri də cəbhənin arxası üçün təhlükə yaradan bu erməni kəndlərinin tərk-silah edilməsi idi. Həyata keçirilmiş tədbirlər sayəsində daşnak dəstələri zərərsizləşdirilmiş, Nuxa və Ərəş qəzalarının təqribən 35 kəndində yaşayan erməni əhalisi də öz yaşadıqları yerləri tərk edərək Gürcüstana köçmüşdür. Erməni mənbələrinə görə erməni əhali Ərəş qəzasının 13, Nuxa qəzasının 21, Göyçay qəzasının 6 kəndini tərk etmişdi. Qafqaz İslam Ordusunun bu əməliyyatı məqsədlərinə görə müasir terminlə desək, əsl antiterror əməliyyatı idi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi baxımından 2023-cü ildə həyata keçirilmiş 23 saatlıq antiterror tədbirləri ilə eyniyyət təşkil edirdi. Sonralar ermənilər Azərbaycan hakimiyyət orqanlarına müraciət edərək onların geriyə qayıdaraq, öz kəndlərində yaşamalarına şərait yaratmalarını xahiş etmişdilər.

Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri azad edildikdən sonra Qarabağda və Gəncə quberniyasının dağlıq hissəsində yerləşən erməni kəndlərində kök salmış erməni silahlı dəstələrinin silahsızlaşdırılması məqsədi ilə hərəkat başlanılsa da (QİO-nun Qarabağ hərəkatı), Osmanlı imperiyasının I Dünya müharibəsində məğlub olmasından sonra türk qoşunları Cənubi Qafqazdan çıxarıldığından bu hərəkatı başa çatdırmaq, erməni kəndlərini tərk-silah etmək mümkün olmadı. Bunun da acı nəticələri həm Cümhuriyyət dönəmində, həm də 70 ildən sonra özünü göstərdi.

1919-cu ilin payızında türk qoşunları Azərbaycanı tərk etdikdən sonra erməni siyasi dairələri “Azərbaycanda erməni qaçqınları” məsələsini ortaya ataraq bundan Azərbaycan Cümhuriyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başladılar. Azərbaycanın müxtəlif bölgələrində yaşayan ermənilər Bakıda və Tiflisdə fəaliyyət göstərən erməni milli təşkilatlarına, Müttəfiq qoşunlarının Cənubi Qafqazdakı komandanlığına, regionda fəaliyyət göstərən müxtəlif xarici təşkilatlara saysız-hesabsız müraciətlər göndərərək, guya, türk qoşunlarının Cənubi Qafqazda olduqları zaman onlara qarşı zorakılıqlar edildiyi, maddi və mənəvi zərər vurulduğu haqqında yalan məlumatlar ötürür, buna görə Azərbaycan hökumətindən əvvəllər malik olduqları mülkiyyətin və sərvətin qaytarılmasını, dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb edirdilər. Qeyd edək ki, Cənubi Qafqazın müxtəlif şəhərlərində fəaliyyət göstərən erməni təşkilatları tərəfindən I Dünya müharibəsində və türk qoşunlarının Cənubi Qafqazda olduqları müddətdə, guya, erməni əhalisinin verdiyi qurbanların müəyyənləşdirilməsi ilə bağlı müxtəlif qurumlar yaradılmışdı. Məsələn, Tiflisdə Erməni Milli Şurası nəzdində “Dünya müharibəsi dövründə ermənilərə qarşı zorakılıq hərəkətlərinin təhqiqi üzrə” komissiya fəaliyyət göstərirdi. Müxtəlif erməni təşkilatları ingilis hərbi komandanlığına müraciət edərək, Azərbaycan hakimiyyəti haqqında mənfi rəy formalaşdırmağa, guya, Azərbaycan Cümhuriyyətində ermənilərə qarşı ayrı-seçkilik siyasəti yeridildiyini sübut etməyə çalışırdılar. Bu istiqamətdə Bakı Erməni Milli Şurası, “Daşnaksütyun” partiyasının Bakı təşkilatı, Azərbaycan parlamentinin erməni fraksiyası, “Erməni insansevərlər cəmiyyəti” xüsusi canfəşanlıq edirdilər. Erməni təşkilatları mütəşəkkil şəkildə bütün qəzalarda, guya, ermənilərin müsibətləri haqqında məlumatlar toplayaraq, Antantanın Cənubi Qafqazdakı komandanlığına, xarici dövlətlərə, Paris Konfransına göndərirdilər. Məqsəd aydın idi: müharibə dövründə yalnız erməni xalqının faciələr yaşaması, bu faciələrin səbəbkarlarının Azərbaycan və Osmanlı dövlətləri olması haqqında dünya ictimai rəyində fikir formalaşdırmaq və bununla da öz milli-siyasi məqsədlərinə çatmaq. 1918-ci ilin noyabrında Antanta qoşunları Bakıya daxil olduqdan sonra Nuxa şəhərində fəaliyyət göstərən “Erməni qaçqınları komitəsi” adlı qurum Gəncə quberniyasının Nuxa və Ərəş qəzalarında “qaçqın ermənilərin”, guya, dəhşətli və çıxılmaz vəziyyəti haqqında Bakı Erməni Milli Şurasına yazılı məruzə göndərmişdi. Şura bu məruzə əsasında Müttəfiq qoşunların Bakıdakı komandanı, general Tomsona müraciət edərək, ondan “erməni qaçqınlara” yardım göstərmək üçün bölgəyə nümayəndə heyətini göndərməyi xahiş etmişdi. Müraciətdə Nuxada və Ərəşdə “erməni qaçqınlar”ın vəziyyəti yalnız qara rəngdə təsvir olunur və ingilis komandanlığından qaçqınların əvvəlki yerlərində yerləşdirilməsi, onların əmlaklarının qaytarılmasına yardım göstərilməsi xahiş olunurdu.

Erməni təbliğatının nəticəsi olaraq 1919-cu ilin fevralında İngilis komandanlığının nəzdində fəaliyyət göstərən qaçqınların məsələsi üzrə müfəttiş mayor A.Hibbonun nümayəndəsi kapitan Druitt Şəkidə və Zaqatalada oldu. Səfərin əsas məqsədi guya qaçqınların və köməyə ehtiyacı olan əhalinin sayının müəyyənləşdirilməsi idi. Yerlərdən ermənilərin özlərinin verdikləri məlumatlarda Ərəş və Nuxa qəzalarında 12000 qaçqının olduğu iddia olunurdu ki, onlardan 1173-ü Şəki şəhərində, 1600-ü Nicdə, 1400-ü Vartaşendə (indiki Oğuz şəhəri), 400-ü Calutda, 400-ü Qışlaqda yerləşmişdi. Bu kəndlərdə əsasən xristianların yaşadığını nəzərə alsaq, ingilis missiyasına yalnız erməni qaçqınların sayı haqqında məlumat verildiyi məlum olar.

Ermənilər hətta “öz təminatları və təhlükəsizlikləri” üçün Nuxada ingilis missiyasının təsis edilməsinə təkid edirdilər.

1919-cu ilin martında Azərbaycan Parlamentinin erməni fraksiyası “Nuxa və Ərəş qəzalarında yaşayan erməni qaçqınlara” kömək göstərilməsi ilə bağlı hökumətə sorğu vermiş, sorğuya Azərbaycan Himayəçilik Nazirliyi cavab vermişdi. Cavabdan bəlli olur ki, nazirlik tərəfindən ermənilərin ümumi ehtiyacları üçün Nuxa şəhərinə 350.000 manat vəsait köçürülmüşdü ki, bu vəsaitin 48.000 manatı erməni uşaqları üçün yaradılmış yetimxanaya ayrılmışdı. Yetimxananın gələcəkdə saxlanılmasını Azərbaycan hökuməti öz üzərinə götürmüşdü. Ümumiyyətlə Azərbaycan hökuməti qaçqınları himayə edərkən onlara milli mənsubiyyətinə görə heç bir fərq qoymurdu. Hökumət tərəfindən Bakı şəhərində 517 erməni uşağı üçün 2 yetimxananın təşkili məqsədilə Erməni Milli Şurasına zəruri maliyyə vəsaiti ayrılmışdı. Bundan başqa hökumət tərəfindən xüsusi olaraq erməni uşaqlar üçün Gəncə şəhərində 25 nəfərlik sığınacaq, 30 çarpayılıq lazaret və 7000 nəfərlik iaşə məntəqəsi, Nuxa şəhərində 290 nəfər üçün uşaq sığınacağı təşkil edilmişdi.

Erməni Milli Şurası da ingilis qoşunlarının Bakıda olmasından istifadə edərək, Azərbaycan hökuməti qarşısında “erməni qaçqınlarının” problemlərinin həlli ilə bağlı müxtəlif tələblər qoyurdu. Şura 1919-cu il fevralın 21-də Azərbaycanın daxili işlər nazirinə müraciət edərək həyasızcasına “erməni millətindən olan kəndlilərin Şamaxı qəzasına qayıtmaları və onların dağıdılmış təsərrüfatlarının bərpasına şərait yaradılması üçün bütün tədbirləri görməyi”, o cümlədən “Bakıda olan erməni sakinlərin əvvəl yaşadıqları kəndlərə qaytarılmasını, hər nəfərə 1,5 pud taxıl verilməsini, erməni kəndlərində müsəlmanların məskunlaşmalarına yol verməməyi, heyvan və təsərrüfat materiallarını almaqda ermənilərə kömək göstərməyi” tələb etmişdi.

Azərbaycan hökuməti məhdud imkanlara baxmayaraq qəzalardakı erməni sakinlərinə yardım göstərirdi. 1919-cu il aprelində hökumət Nuxa qəzasında qaçqın adı ilə yaşayan erməni sakinlərə 1000 pud taxıl və 1000 manat pul köməyi göstərilmiş, Nuxa şəhərindəki erməni yetim uşaqlar evinin bütün xərclərini öz üzərinə götürmüşdü. Nuxa və Ərəş qəzalarında yaşayan ermənilərin hamısının guya qaçqın düşməsi haqqında müxtəlif erməni mənbələrinin yalan məlumatlarının əksinə olaraq bu qəzalardakı 60000 erməni əhalinin çoxu Azərbaycan dövlətində yaşamaq istəmədiyindən könüllü olaraq köçüb getsə də 25000 nəfəri hələ də öz yerlərində təhlükəsiz şəraitdə yaşamaqda davam edirdi. Bunu bu qəzalardan olan ermənilərin nümayəndəsi B.Balayan soyadlı şəxs də etiraf edirdi.

Deyirlər, tarix təkrar olunur. Bu gün olduğu kimi həmin dövrdə də bölgədə öz nüfuzlarını möhkəmlətmək üçün çalışan Amerika, Böyük Britaniya, Fransa və başqa dövlətlərin müxtəlif humanitar missiyalar adı altında fəaliyyət göstərən təşkilatları da Azərbaycanın qəzalarında “erməni qaçqınları” məsələsini qabartmağa çalışır, bundan öz ölkələrində anti-Azərbaycan təbliğatının qızışdırılmasında istifadə edirdilər. 1919-cu ilin mayında Amerikanın “Yaxın Şərqdə Yardım Komitəsi”nin Lisisian və Qrinlif soyadlı iki üzvü Nuxa və Ərəşdə ermənilərin vəziyyətini araşdırmaq üçün bölgədə olmuş və məruzə hazırlamışlar. Həmin məruzədə də etiraf olunur ki, bu qəzalarda ermənilərə heç kim təsir göstərmir, onların bütün hüquqları qorunur. Nuxa şəhərində hətta keşiş Saak Ter-Paqosyanın sədri olduğu milli şura fəaliyyət göstərirdi. Azərbaycan hökuməti və Nuxa əhalisi hətta müəyyən səbəblərdən şəhərə gəlmiş və qaçqın adına iddia edən erməni millətindən olan sakinlərə yardım göstərirdilər. Maraqlıdır ki, bu insanlar öz vətənlərinə – Ermənistana köçməkdən imtina edərək “düşmən türklər”lə birgə yaşamağı üstün tutmuşdular. Azərbaycanın Himayəçilik naziri Sultanovun məlumatına görə, şəhərdə sığınacaq tapmış ermənilərin sayı 240 kişi, 348 qadın və 463 uşaq olmaqla 1051 nəfər təşkil edirdi. 176 yetim erməni uşağını himayəçilik nazirliyi öz himayəsinə götürmüşdü. Bütün bu yardımlar o şəraitdə edilirdi ki, Ermənistanın nizami silahlı qüvvələri tərəfindən İrəvan quberniyasında və Zəngəzur qəzasında yerli azərbaycanlılara qarşı əsl genosid həyata keçirirdi. Öz soydaşlarına qarşı törədilən bu vəhşiliklərə rəğmən Azərbaycan hökuməti erməni sakinlərə yardım göstərməkdə davam edirdi.

Vartaşen kəndindəki vəziyyəti səciyyələndirən məruzəçi burada 600 evlik Qriqorian udinin (məruzəçi onları yanlış olaraq erməni adlandırır), 300 evlik udin-vraçinin (provoslav) və 300 evlik yəhudinin olduğunu bildirir. Məruzədə burada kütləvi talanların baş vermədiyi göstərilirdi. Vartaşendə provaslav udinlərin, yəhudilərin ziyan çəkmədikləri də xüsusi vurğulanırdı. Məruzədə Calut və Nic kəndlərində yaşayan udinlərin də vəziyyətinə toxunan müəllif onları da erməni əhali kimi qələmə verərək, Calutda 300 erməni evinin, 155 erməni qaçqının olduğunu, Nicdə isə 900 evdən 747-nin qaldığını, 82 tatar (azərbaycanlı) evinin olduğunu, burada 1400 “erməni qaçqının” qaldığını bildirirdi. Məruzəçilər Ermənistandan fərqli olaraq Nuxa qəzasının ermənilərinin ərzaq baxımından daha yaxşı vəziyyətdə olduqlarını, ərzağın bol və nisbətən ucuz olduğunu qeyd etməyi unutmamışlar?

Məruzənin ümumi ruhu, oradakı məlumatlar onları tərtib edənlərin Azərbaycan hökumətinə, ümumiyyətlə azərbaycanlı əhaliyə qərəzli, hətta düşmən münasibət bəslədiklərini təsdiq edirdi. Bu təkcə bölgənin tarixi, etnik mənzərəsinin təhrif edilməsi, bütün qeyri-müsəlmanların – yəhudi və udinlərin ermənilər kimi qələmə verilməsi ilə məhdudlaşmırdı. Yalnız ermənilərin problemlərinin qabardılması. azərbaycanlı əhalinin vəziyyətinə isə ümumiyyətlə toxunulmaması amerikalı nümayəndələrin hansı niyyətlər güddüyünü təsdiq edirdi. Baxmayaraq ki, Azərbaycan hökuməti, yerli hakimiyyət orqanları missiyanın normal fəaliyyəti üçün bütün şərait yaratmış, onların qəzada sərbəst hərəkətinə mane ola biləcək heç bir addım atılmamışdı.

Ermənistan hökuməti də Azərbaycan qəzalarında yaşayan ermənilərin vəziyyəti haqqında gerçəkliyi əks etdirməyən məlumatlar yayaraq, bundan Azərbaycan hökumətinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Bunu Ermənistanın xarici işlər naziri G.Tiqranyanın Azərbaycan xarici işlər nazirinə göndərdiyi 23 may 1919-cu il tarixli notası da təsdiq edir. Notada Nuxa və Ərəş rayonunun dinc erməni əhalisinin guya sistematik olaraq zorakılıqlara və talanlara məruz qalması, 50 dağıdılmış kəndin 20 min erməni əhalisinin tam asılı vəziyyətdə yaşadığı, onların köçməsinin silahlı yolla qarşısının alındığı, ermənilərin zorla islamı qəbul etdirilməsi haqqında yalan məlumatlar öz əksini tapmışdı. Erməni tərəfi həyasızcasına erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökumətindən 6 bənddən ibarət tədbirlər görməyi tələb etmişdi. Ermənilərin şikayətinin yoxlanılması ilə bağlı Azərbaycan Daxili işlər naziri Gəncə qubernatoruna xüsusi sərəncam vermiş, Gəncə qubernatoru Nuxaya xüsusi komissiya göndərməyi qərara almışdı. Komissiya qəzanın ermənilər yaşayan kəndlərində, Nuxada olmuş, bütün məlumatları yoxlamış və onların əksəriyyətinin yalan olduğu üzə çıxarılmışdı.

Nuxa, Ərəş, Şamaxı, Göyçay qəzaları ermənilərinin “dözülməz” vəziyyəti haqqında yalan və saxta məlumatlar D.Davidxanyan soyadlı şəxsin Ermənistan himayəçilik nazirinə teleqramında da öz əksini tapmışdı. 1919-cu il avqust-sentyabr aylarında “Tiflisdə yaşayan Nuxa və Ərəş qəzaları ermənilərinin həmyerlilər təşkilatı” Cənubi Qafqazın ali komissarı polkovnik Haskelə növbəti dəfə müraciət edərək bu qəzaların erməni əhalisinin vəziyyəti barədə gerçəkliyi tamamilə təhrif edən məlumatlar çatdırmışdı. Məlumatda, bölgədə yaşayan ermənilərin 26700 nəfərinin qırıldığı, yalnız 27000-nin xilas olduğu iddia edilsə də, etiraf olunurdu ki, 10 min erməni qaçqın və yetim adı ilə Nuxa şəhərində və qəzanın kəndlərində yaşamaqda davam edirdi. Hətta Gəncədə belə bu qəzalardan olan 2000 erməni sakit yaşayırdı. Müraciətdə nə üçün bu qədər erməninin Ermənistana köçməkdən imtina edərək Azərbaycanda, “onları qırğına məruz qoyanlar” arasında yaşamaqda davam etmələri haqında bircə kəlmə belə deyilmirdi. Müraciət müəllifi də başqa erməni müəlliflər kimi bölgənin etnik mənzərəsini saxtalaşdırır, həyasızcasına Vartaşen, Nic və Calut kəndində yaşayan 11400-ə qədər udin və yəhudini erməniləşdirməkdən çəkinmirdi. Azərbaycan parlamentinin üzvü, portfelsiz nazir Hamaspur Azərbaycan Daxili işlər nazirinə məktubla müraciət edərək ondan “Bakıdan Azərbaycanın müxtəlif qəzalarına qayıdan erməni qaçqınların təhlükəsizliyini və qayıdışını təmin etmək üçün tədbirlər görməsini” xahiş etmişdi. Lakin erməni deputat onu da etiraf edirdi ki, “Ərəş, Nuxa, Şamaxı qəzalarından gəlmiş ermənilərin dediklərinə görə, müsəlman kəndlilər öz köhnə erməni qonşularına dözümlü və mülayim münasibət bəsləyirlər”.

Azərbaycan hakimiyyəti bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi, onların mülkiyyətinin, toxunulmazlığının qorunması üçün bütün tədbirləri görür, təsərrüfat fəaliyyəti üçün şərait yaradırdı. 1919-cu ilin yayında Azərbaycanda yaşayan ermənilərin və Ermənistan Respublikasında yaşayan müsəlmanların qarşılıqlı köçürülməsi məsələsi ortaya çıxdı. Şamaxı, Göyçay, Ərəş və Nuxa qəzalarında yaşayan bəzi ermənilər də buna isti münasibət bəsləyirdilər. Bu barədə Nuxa Erməni Milli Şurasının sədri Saak Ter-Paqosyanın Azərbaycan Cümhuriyyətinin hökumət naziri Hamaspura məktubunda da məlumat verilirdi. Bu məsələnin hökumətlər səviyyəsində həlli ilə bağlı danışıqlar gedirdi.

Lakin buna baxmayaraq, Ermənistan hökuməti birtərəfli qaydada Azərbaycandan getmiş ermənilərin Ermənistan Respublikasının ərazisindəki azərbaycanlıların kəndlərində yerləşdirməkdə, sonuncuları sıxışdırıb çıxarmaqda davam edirdi. Bu isə İrəvan quberniyasının türk-müsəlman əhalisini öz doğma yerlərindən kütləvi qovulması ilə nəticələnirdi. Ermənistan Respublikası ərazisində Göyçaydan, Nuxadan, Ərəşdən, eləcə də Azərbaycanın başqa qəzalarından gəlmiş ermənilərin yerli azərbaycanlılara qarşı təhrik edilməsi halları, özü də bu hərəkətlərin Ermənistan hökuməti tərəfindən təşkil edilməsi halları o qədər artmışdı ki, Azərbaycan Respublikasının Ermənistandakı diplomatik nümayəndəsi Təkinski Azərbaycan Xarici İşlər Nazirliyinə şifrəli teleqram göndərərək Azərbaycanda yaşayan ermənilərin Ermənistana köçürülməsini müvəqqəti dayandırmağı xahiş etmişdi.

Azərbaycan hökumətinin milli siyasətdə hər hansı ayrı-seçkiliyə yol vermədiyni sübut edən faktlardan biri də vaxtilə onun ərazisini tərk etmiş ermənilərin kütləvi şəkildə öz əvvəlki yaşayış yerlərinə qayıtmaları idi. Azərbaycan Cümhuriyyətinin Qaçqınların işləri üzrə Mərkəzi Komissiyasının məlumatına görə, 1919-cu ilin oktyabrına qədər vaxtilə öz yerlərin tərk etmiş ermənilərdən Göyçay rayonuna qayıdanların sayı 4 min, Şamaxıya qayıdanların sayı 6 minə yaxın idi. Gəncə, Ərəş və Nuxa qəzalarına da ermənilərin qayıtdığı qeyd olunur, bununla bağlı konkret rəqəmlər göstərilirdi. Maraqlıdır ki, qəzalarda öz evlərini tərk etmiş ermənilərin çox hissəsi Bakı və Gəncə şəhərində yerləşmiş və onların əksəriyyəti Ermənistana köçməkdən imtina etmişdilər.

Haşiyə çıxaq ki, elə 90-cı illərin əvvəllərində və 2020–2023-cü illərdə Azərbaycanı tərk etmiş ermənilərin əksəriyyəti də “vətən təəssübkeşliyini” unudaraq Ermənistanda yox, xarici ölkələrdə yaşamağı üstün tutmuşlar. Adı çəkilən komissiya ermənilərin əvvəllər yaşadıqları yerlərə qayıtmaları və yerləşmələri üçün hətta plan da tərtib etmiş, bu zaman hətta ermənilərin öz təklifləri belə nəzərə alınmışdı. Bu addımlar Azərbaycan Cümhuriyyətinin milliyyətindən, dinindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olduğunun bariz nümunəsi idi.

Azərbaycan dövləti bu gün də AXC-nin humanist ənənələrinə sadiq qalaraq, etnik ayrı-seçkilik, intiqam hisslərindən uzaq siyasət yeritdiyini dəfələrlə bəyan etmişdir. Bunun üçün isə yeganə şərt onun qanunlarına riayət edilməsi və Qərbi Azərbaycandan depotrasiya olunmuş 300 minədək etnik azərbaycanlının Ermənistana – öz doğma yurd-yuvalarına qaytarılmasıdır.

Kamran İSMAYILOV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, dosent

Chosen
19
xalqqazeti.az

1Sources