EN

Estetiklik MƏCBURİYYƏTİ – Uşaqların geyimlərində soyuq rənglərdən niyə istifadə olunur?

Günümüzdə bir çox insan evində, geyimində canlı rənglər əvəzinə daha qəhvəyi, krem tonlarından istifadə edir. Bu da cəmiyyətdə, konkret desək sosial mediada formalaşan “estetik görünüş” anlayışından irəli gəlir.

Bir məqam da budur ki, bu rənglərdən istifadə  sadəcə böyüklərin yox, azyaşlıların da geyimlərində, otaqlarında dəbə düşüb. Belə ki, artıq uşaqlar öyrəşdiyimiz kimi canlı tonlarda, sanki xəyal dünyalarını əks etdirən rəngarəng geyimləri yox, qəhvəyi, krem rəngli geyimləri geyinməyə məcbur qalırlar. Çünki valideynləri övladlarının rəngarəng dünyasından  daha çox “estetikliyə” önəm verirlər.

Bəs uşağın həyatında, geyimində belə soyuq tonların istifadəsi onun psixologiyasına  necə təsir edir?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən ailə və uşaq psixoloqu Aynur İsmayılova ilk olaraq  vurğulayıb ki, valideynin estetikliyi onun övladına davranışı olmalıdır:

“Çünki uşaqlar bütün geyindiklərini, yediklərini, oynadıqları məkanı da unuda bilərlər, amma valideynlərinin davranışlarını heç vaxt unutmazlar. Valideynlər estetikliyi etiket qaydalarında qorusalar, daha yaxşıdır”.

Psixoloq soyuq rənglərin istifadəsinin gələcəkdə yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib:

“Soyuq rənglərdən istifadə etmək gələcəkdə uşaqda birmənalı şəkildə depressiyalara səbəb ola bilər. Çünki insan nə geyinirsə, hansı tonlardan istifadə edirsə, yaşından asılı olmayaraq o rəngin özünə çevrilir”.

Müsahibimiz canlı rənglərin uşağın dünyaya baxışına necə təsir etdiyini də deyib:

“Canlı rənglərdən və rənglərin çoxluğundan daha çox istifadə olunsa, uşaq şüuraltında qəbul edəcək ki, əhval-ruhiyyəsi dəyişkəndir, o, emosionaldır. Buna görə də  daha çox canlı rənglərdən, rənglərin açıq çalarlarından  istifadə olunsa, uşaq rənglərin psixologiyasına təsirini özü anlayacaq və seçim edəcək. Bu zaman uşağın özgüvəni də artır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Chosen
8
bizim.media

1Sources