EN

“Tramp Ağ Evə yerləşən kimi Rusiya-Ukrayna müharibəsini bitirməyə başlayacaq və sonra... “  

“Donald Tramp Ağ Evə yerləşən kimi Rusiya-Ukrayna müharibəsini bitirmək və Çinlə bağlı planını həyata keçirməyə başlayacaq”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsini və xalqını ən pis ssenariyə hazırlayıb:

“O, son çıxışlarının birində Trampa ümid etməyin yanlış olduğuna işarə edib. Ancaq Ukraynanın Rusiyaya qarşı müharibəni davam etdirməsi üçün ABŞ-ın yardımı həyati əhəmiyyət daşıyır. Bu səbəbdən Zelenski “ukraynalılar ancaq özlərinə güvənməlidirlər” sözlərinə baxmayaraq xarici işlər naziri Andrey Sibiqanı Vaşinqtona göndərib. Məqsəd Tramp komandasının gələcək nümayəndələri ilə görüşmək və onları Ukraynaya dəstəyi davam etdirməyə inandırmaqdır. Zelenski arxayın deyil ki, Tramp Ağ Evin hazırki rəhbəri Co Baydenin Ukraynaya Amerikan raketləriylə Rusiyanın içərilərinə doğru zərbələr endirmək qərarından imtina etməyəcək.

Kiyev kimi Pekin də nümayəndələrini Vaşinqtona göndərib. Onlar da Trampın komanda üzvləri ilə görüşməyə çalışırlar. “Financial Times” nəşrinin yazdığına görə, Pekin ABŞ-ın Çinə qarşı mümkün ticarət qadağalarının qarşısını almaq üçün Trampın yaxın ətrafını anlatmağa çalışacaq. Pekin Vaşinqtonla qarşıdurmadan yayınmağa çalışır. Ancaq bu çətin olacaq. Çünki Trampın özü və gələcək komandasının bir çox üzvü Çinə qarşı sərt siyasətin aparılması tərəfdarıdır. Bunlar arasında gələcək dövlət katibi Marko Rubio, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Çinlə ticarət müharibəsinin tərəfdarı olan Robert Laythayzerin adlarını çəkmək olar. Sonuncu Trampın keçmiş prezidentliyi dövründə də Ağ Evdə mühüm vəzifə sahibi idi. Tramp onu Çinlə ticarət danışıqlarındakı nümayəndəsi təyin etməyi planlaşdırır. Honq-Konq Universitetinin professoru, çinli məşhur tədqiqatçı alimi Vu Sinbo hesab edir ki, Çin ikinci prezidentliyinin əvvəlində Donald Trampla fəal şəkildə əlaqə saxlamalı, ancaq “ağır sövdələşməyə” və lazım gələrsə, “geri çəkilməyə” hazır olmalıdır. “Bu, yalnız bir nəfərin idarə etdiyi hökumət olacaq, o da Donald Trampdır” deyən çinli alim Ağ Evin yeni sahibi ilə razılaşmanın vacib olduğunu bildirib”.

Elxan Şahinoğlu daha sonra əlavə edib ki, Hindistan və İtaliyadan sonra Braziliyanın da “bir kəmər, bir yol” layihəsindən imtina edib və bu, Pekin üçün pis xəbər olub:

“Çin və Braziliya BRİCS üzvləri olmalarına baxmayaraq, sonuncunun “bir kəmər, bir yol” layihəsindən imtinası Pekinin Latın Amerikası planlarına zərbə kimi qiymətləndirilib. Braziliyanın Çinin yatırımlarına ehtiyacı olsa da, bunun “bir kəmər, bir yol” layihəsi vasitəsilə həyata keçirilməsini istəmir. Çünki, Braziliya Çin kimi öz bölgəsinin lider ölkəsi sayılır. Bu səbəbdən Braziliya Çindən asılı vəziyyətə düşmək istəmir. Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Celso Amorim deyib ki, ölkəsi “Pekinlə müqavilə imzalamadan Çinlə münasibətlərini yeni səviyyəyə qaldırmaq istəyir”.

O, Braziliyanın öz prioritetləri olduğunu vurğulayıb. Braziliya bu qərarı verərkən ABŞ-ın yeni Prezidenti Donald Trampın Çinə qarşı gələcək siyasətini də nəzərə alıb. Braziliya Çin layihəsinə qoşulmaqla ABŞ-la münasibətlərin pisləşməsini istəmir. Dünyanın səkkizinci ən böyük iqtisadiyyatı olan Braziliya, ABŞ-ın ikinci ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə ABŞ ilə ticarət 74,8 milyard dollara çatıb. 2024-cü ilin may ayında Braziliya və ABŞ ticarət və investisiyaları artırmaq barədə razılığa gəliblər”.

Xalidə Gəray
Musavat.com

Chosen
12
musavat.com

1Sources