EN

Azərbaycanın olmadığı dünya bizə lazımdırmı?

Bir anlıq bunu səsli düşünürsən və Üçüncü Dünya savaşının başlayacağı belə, qulağına xoş gəlir...

Bəribaşdan deyək, çoxunuz da bilirsiz ki, Üçüncü Dünya müharibəsi olası iş deyil. Amma vaxtilə dünyanın sonunun 2000-ci ilin dekabrın 21-də gələcəyinə əksəriyyət olmasa da, Azərbaycanda inanlar vardı, ona görə konserv və şam hazırlıqları edənlər oldu.

İndi dəqiq xatırlamıram, dünyanın sonu gələndə, gün işığı yoxa çıxanda harada gizlənmək lazım olduğu konkret deyilirdimi, amma belə hazırlıqlar haqda eşidirdik. O ərəfədə “dünya elə dağılasıdır” deyib, kefini sürənlər də vardı, hətta neçə il küsülü olanlarda barışırdı ki, daha burdan o tərəfi yoxdur. Bəzi imkanlılar kasıb-kusuba da əl tuturdu ki, dünya dağılsa, birdən “o biri dünyada” rastlaşarlar və çox naqolay suallara cavab verməli olar. Həm bu sona inanlar , həm inanmayanlar o ərəfədə bir gerçəyi bir daha dərk etdilər: dünya fanidir...

İnsanları psixoloji olaraq sarsıdan, amma həm də bir az da olsa yaxşılığa meylləndirən “dünya dağılacaq” fırıldağı hansı dini kitabdan gəlmişdisə, bizim müqəddəs “Quran”a dəqiq aidiyyəti yox idi, çünki orada Qiyamətlə bağlı fərqli əlamətlər sadalanır...

Üçüncü Dünya müharibəsi haqda hələ illər öncə danışanda hansısa alim və ya filosofdan sitat gətiridilər. Guya o deyibmiş ki, Üçüncü Dünya savaşı necə olacaq bilmirəm, amma dördüncüsü ox-kamalla olasıdır.

Yəni məna aydındır: üçüncü savaşda dünya dağılacaq, sonra min il həyat olmayacaq, sonra yenə insanlar, daş dövrü, tunc dövrü, Tarzan, ox-kaman...

muh4.jpg

İndi dünyanı dağıdacaq atom silahının partlaya biləcəyi haqda israrla danışanlar daha çox prezident Putinin “Rusiyanın olmadığı dünya bizim nəyimizə lazımdır” fikrinə istinad edirlər. Hətta bunu rus şovinizmi və eqoizmi hesab edənlərdə çoxdur.

Bu, əlbəttə bir təhdiddir, bəlkə də arsenalında belə qorxunc silah olan lider bu cür açıq danışmamalıdır. Amma insaf naminə, bizim də o cür dünyanı dağıdacaq silahımız olsaydı, biz nə deyərdik ki? Belə deyərdik: “Azərbaycanın olmadığı dünya bizə lazım deyil!” Bir anlıq səsli düşünürsən və artıq sənin ölkənin başlaya biləcəyi Üçüncü Dünya savaşı belə qulağına xoş gəlir. Azərbaycanın olmadığı dünya doğurdan bizə lazımdırmı? Bu eqoizm, psevdovətənpərvərlik və ya xəyalpərəstlik deyil, görmək istədiyimiz gerçəkdir...

Qarabağda 30 illik işğaldakı torpaqlarımızı həm də böyük itkilər hesabına geri qazanmışıq, baxın, dünyanın bəzi atom silahına sahib ölkələri belə bunu necə ağrılı qarsalayırlar? Hər yerdən üzərimizə gəlirlər, hətta millətə həqarət olan tələb irəli sürürlər: “Sizi öldürən erməniləri azadlığa buraxın!”

-0a11818416307738914554373071086.jpg

Bizim dövlət olaraq uğurlarımızı əlləri çatan hər yerdən silməyə, üzərini qaralamağa çalışırlar. Niyə? Çünki istəmirlər ki, bu dünyada 30 il zülm çəkmiş bir xalq rahat yaşasın, özünəgüvənən, sözünü deyən dövlət olsun. İnanın ki, bu hakimiyyət məsələsi deyil, Azərbaycan məsələsidir!

İndi daha çox onu da deyirlər ki, Putin hakimiyyətdən getsə, dünyanın canı xilas olar, savaşlar durdurular və sairə. Xeyir, bu dava Rusiya məsələsidir, onu zəiflətmək, yıxmaq üçündür. Zəif Rusiyanı, araq şüşəsindən ayrılmayan Yeltsin Rusiyasını Amerika niyə çox istəyirdi, niyə Klinton Rusiya prezidenti ilə caz oynayırdı ki? Çünki Rusiyanı içəridən dağıtmağa başlamışdılar, buna sevinirdilər. Tərslikdən Putin gəldi, fərqli Rusiya qarşılarında gördülər.(Eyni vəziyyət Heydər Əliyevin hakimiyyətə qayıdışında da oldu). Ona görə o təhdidi edir, mənə görə, düz də edir. İndi üzərimizə gələnlər də Azərbaycanı da güclü olmasını istəmirlər. Güclü, ağıllı liderin olmasını də əlbəttə həmçinin... İstəyirlər zəif, dağılmış, xaraba ölkə olsun, gəlib hər şeyinə onlar sahib çıxsınlar, ermənini başa keçirsinlər, bizə hökm etsinlər. Belə Azərbaycan olmasa yaxşıdır...

Putin-muharibe-1432

Rusiya Ukrayna torpaqlarından xoşluqla çıxası deyil. Amerikanın da Ukraynaya canı yanmır, məqsədi nədir onu da daha bilməyən yoxdur. Nə Rusiya dünyanı fikirləşəndir, nə Amerika. İkisi də öz ölkələrinin mənafeyini güdürlər və buna “atom bombası” təhdidi ilə nail olmaq istəyirlər. Atom silahında istifadə sadəcə bir düymə məsələsi deyil, ümumiyyətlə o əmri ilk verməyə, oğul lazımdır. O isə hələ doğulmayıb, bizim kitabda elə yazılıb, rahat olun...

Nazim SABİROĞLU,
Musavat.com

Chosen
12
1
musavat.com

2Sources