EN

COP29 Su Məsələləri Bəyannaməsi ümumi problemlərin həlli üçün tərəfdaşlığa töhfə verəcək - Muxtar Babayev

Bakı, TurkicWorld

COP29 çərçivəsində su məsələləri və iqlim fəaliyyətləri üzrə Bəyannamə ümumi problemlərin həlli üçün dialoq və tərəfdaşlığa töhfə verəcək.

TurkicWorld xəbər verir ki, bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

"İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, çirklənmə və səhralaşmanı əhatə edən qarşılıqlı əlaqəli qlobal böhranla mübarizəni davam etdirərkən, su məsələləri qlobal siyasətin bütün aspektlərinə inteqrasiya olunmalı əsas mövzu kimi nəzərdən keçirilməlidir. Məhz buna görə də bu il COP29 sədrliyinin gündəliyində su məsələlərinə iqlim fəaliyyətlərinin əsas faktoru kimi xüsusi diqqət ayrılıb.

Biz qəbul edirik ki, su ilə bağlı problemlərin həlli davamlı diqqət və müxtəlif COP-lar çərçivəsində fəaliyyət tələb edir. COP29-un su məsələləri və iqlim fəaliyyətləri üzrə bəyannaməsi, iqlim stresindən yaranan ümumi problemlərin həlli, su və iqlim siyasətinin təkmilləşdirilməsi, həmçinin iqlim dəyişikliyinin su ehtiyatları və ekosistemlərə təsiri barədə elmi tədqiqatların gücləndirilməsi üçün dialoq və tərəfdaşlığa təkan verəcək", – deyə M.Babayev vurğulayıb.

Nazirin sözlərinə görə, su məsələləri və iqlim fəaliyyətləri üzrə Dialoq da işə salınacaq.

"Bu platforma su məsələlərinə davamlı diqqəti təmin edərək, COP-lar arasında əməkdaşlıq mexanizmi rolunu oynayacaq. O, su, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, çirklənmə və səhralaşma arasındakı əlaqələri araşdıracaq və beynəlxalq və regional səviyyədə fəaliyyətlərə xüsusi diqqət yetirəcək", – deyə M.Babayev əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
30
2
turkic.world

3Sources