EN

Ənənələri olan partiya ŞƏRH

“Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar. Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir”. Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına inamı və etimadı 32 illik uğurlu fəaliyyətində əhəmiyyətli rol oynadı. Ümummilli Lider xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müraciətinə cavabında da belə bir inamı ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması obyektiv zərurətdən irəli gələn Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü, fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Yeni Azərbaycan Partiyası çətin və şərəfli yol keçdi. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan YAP sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Müxtəlif kateqoriyalardan olan insanların partiyada birləşməsi onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirən amillər sırasındadır. Partiya yarandığı gündən qəbul etdiyi Nizamnaməyə və Proqrama uyğun olaraq müəyyənləşdirdiyi hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını səfərbər etdi. Azərbaycanın 1993-2003-cü illərdə keçdiyi yolun uğurları hər birimizə məlumdur. Ölkəmiz elə bir sahə olmadı ki, təcrübəsi ilə nümunə olmasın. YAP ölkəmizin həyatında fəal iştirakı ilə yanaşı, zəngin təcrübəsi ilə də diqqətdədir.

2003-cü ildən partiyanın həyatında yeni dövr başladı. Belə ki, Ümummilli Liderin xalqa tarixi müraciəti, bu müraciət əsasında xalqın böyük əksəriyyətinin həmin il keçirilən prezident seçkilərində cənab İlham Əliyevi, Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməsi son 21 ilin uğurlarının əsası oldu. Artıq dörd ildir tarixi hadisələri, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan dönüş nöqtələrini, bayramları Zəfər ruhunda qeyd edirik. Bu tarixi Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Azərbaycan ötən ilin sentyabrında suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoydu. Yeni dövrün öz hədəfləri vardır. Belə ki, cənab İlham Əliyev həm yeni dövrün əsas reallıqlarından olan bu ilin 7 febral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində, həm də 1 sentyabr parlament seçkilərindən sonra VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında yeni dövrün hədəflərini açıqladı. Bu hədəflərin hər biri AZərbaycanın qarşısında geniş imkanlar yaradır.

YAP 32 illiyini Zəfər, suverenliyimizin bərpası ab-havasında qeyd edir. Partiya 2021-ci ildə bu sevinclə VII qurultayını keçirdi. Yeni tərkib formalaşdı, yeni qərarlar qəbul olundu. Məhz uğurlarımız, dövlət başçısı, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi Böyük Qələbəni təmin etdi. Zəfərimiz həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır.

YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Cənab İlham Əliyev VII qurultayda bu məqamı da xüsusi qeyd etdi ki, YAP ənənələri olan partiyadır. Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatıdır.

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Chosen
19
3
sesqazeti.az

4Sources