EN

Su idarəçiliyində yeniliklər: Dövlət tədbirləri və fermer təşviqləri

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutunun (IICA) təşkil etdiyi “İqlim fəaliyyəti üçün dialoq: su yoxdursa, ərzaq təhlükəsizliyi də yoxdur” adlı panel müzakirədə iştirak edib.

Fins.az xəbər verir ki, suya əlçatanlıq, qida istehsalı və ərzaq təhlükəsizliyi, biomüxtəliflik, iqlim dəyişikliyinə davamlılıq və fəlakət riskinin azaldılması sahələrində kənd təsərrüfatı həllərindən bəhs olunan tədbirdə Mərkəz rəhbəri ona ünvanlanan suallar əsasında Azərbaycanda suvarma suyunun idarəedilməsi sahəsində görülən işlərdən danışıb. Bildirib ki, suya qənaət məqsədilə müasir suvarma sistemlərinin tətbiqinə mühüm dövlət dəstəyi verilir, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin təkmilləşdirilməsi və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Direktor qeyd edib ki, ölkədə sututarlar, suvarma kanalları dövlətin maliyyəsi hesabına qurulur, köhnəlmiş sistemlər dövlət büdcəsi hesabına təmir olunur. Həmçinin son illərdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq suya artan tələbatın təmin olunması üçün yeni sututarlar yaradılır, suya qənaət edilməsi üçün onun örtülü kanallar və borular vasitəsilə çatdırılması istiqamətində işlər görülür.

Rəşad Hüseynov, həmçinin vurğulayıb ki, kənd təsərrüfatında suya qənaət edən müasir suvarma sistemlərindən istifadə dövlət tərəfindən təşviq edilir, bu sistemlərin qurulmasına dövlət dəstəyi göstərilir. Fermerlər müasir suvarma sistemlərini qurmaq üçün ümumi məbləğin yalnız 20 faizini avans şəklində ödəyir, 40 faiz dövlət tərəfindən qarşılanır, qalan məbləğin də 5 il müddətində ödənilməsi üçün faizsiz kreditlər verilir.

O cümlədən, müasir suvarma sistemlərindən istifadə etməklə məhsul istehsal edən fermerlərə subsidiyalar verilir.

Tədbirdə su çatışmazlığı problemləri, kənd təsərrüfatında su idarəçiliyinin səmərəliliyinin artırılması və s. məsələlərlə bağlı maraqlı çıxışlar olub, müzakirələr aparılıb.

Zemfira Ms
Fins.az

                                       

 

Chosen
22
fins.az

1Sources