EN

Nazir müavini azad edilmiş ərazilərdə görülən işlərdən danışdı

"İşğaldan azad edilmiş ərazilərdə yerləşən ümumi sahəsi 43 min hektar olan Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilmiş, Qaragöl Dövlət Təbiət Qoruğunun, həmçinin Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının bioloji müxtəlifliyinin və təbiət abidələrinin bərpası istiqamətində tədbirlər həyata keçirilir".

Publika.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə:dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib:

"Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa, Xocalı, Ağdərə və Kəlbəcər rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması nəzərdən keçirilir və bununla bağlı ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb.

Biomüxtəlifliyin qorunmasında Azərbaycanın “Qırmızı kitabı” mühüm istiqamətverici sənəd hesab edilir. İşğaldan azad edilmiş ərazilərdə də 30 illik fasilədən sonra nadir və nəsli kəsilmək təhlükəsində olan növlər öyrənilərək 3-cü nəşrə daxil edilib".

Nazir müavini vurğulayıb ki, bioloji müxtəlifliyin qorunması istiqamətində regional və qlobal səviyyədə əməkdaşlığa xüsusi önəm verilir:

"Ölkəmiz bioloji müxtəlifliyin mühafizəsi sahəsində də fəaliyyət göstərən beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ətraf mühitin və xüsusən canlı həyat üçün əsas sayılan bioloji müxtəlifliyin beynəlxalq ictimaiyyətin birgə səyləri ilə qorunması, onun məhvolma təhlükələrinin öyrənilməsi və aradan qaldırılması aktual məsələlərdəndir.

Chosen
9
publika.az

1Sources