EN

Trampın planları və reallıq: kimlərisə kədərli aqibət gözləyir

Onlar sonda yaxşı bir şeyin olmayacağına hazır olmalıdırlar

Əgər Donald Tramp təşəbbüs göstərərsə, Rusiya Ukrayna ilə istənilən sülh danışıqlarına açıqdır. Bunu Rusiyanın BMT-dəki səfiri Gennadi Qatilov deyib.

Bununla belə, o, əlavə edib: “İstənilən danışıqlar Rusiyanın uğurlarının reallıqlarına əsaslanmalıdır. Tramp Ukrayna böhranını bir gecədə həll edəcəyinə söz verib. Yaxşı, qoy cəhd etsin. Amma biz realistik, təbii ki, başa düşürük ki, bu, heç vaxt olmayacaq. Amma siyasi prosesi başlamaq üçün nəsə başlayarsa və ya təklif edərsə, bu, alqışlanar”.

Qatilovun sözlərinə görə, Trampın seçilməsi ABŞ-la dialoq üçün yeni fürsətdir: “Lakin münasibətlərin yenidən qurulması ilə bağlı şübhələrimiz var”.

Bununla əlaqədar qeyd edək ki, Trampın ABŞ dövlət katibi təyin etməyi planlaşdırdığı senator Marko Rubio “X” sosial şəbəkəsində “sülhü güc yolu ilə təmin edəcəyini” yazıb. O, əvvəllər Ukraynanı dəstəkləyən bəyanatlar verib, eyni zamanda, onu Rusiya ilə danışıqlara çağırıb.

Onu da diqqətə çatdırmaq lazımdır ki, Polşa Prezidenti Anjey Duda əmindir ki, Donald Tramp Rusiya Federasiyasına Ukraynanı məhv etməyə imkan verməyəcək. O, bu barədə Varşavada NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib. Siyasətçi xatırladıb ki, Birləşmiş Ştatlar “nəhəng vəsaitlər, hərbi texnika və maliyyə yardımı” ilə Ukraynaya dəstək verməkdə mühüm töhfə verib.

“Bu pula hörmət etmək onun məsuliyyətidir. Təsəvvür edə bilmirəm ki, Prezident Tramp Rusiyaya Ukraynanı məhv etməyə icazə verəcək. Prezident Tramp vəzifəyə gəldikdən sonra Ukraynaya belə bir sərmayə yatıran amerikalı vergi ödəyicisinin pullarına cavabdeh olacaq. Bu, amerikalı vergi ödəyicilərinin pullarına hörmət məsələsidir”, - deyə Duda vurğulayıb.

Bu arada Kiyevin mövqeyində dəyişikliklər var. Ukrayna rəsmiləri aylardır bildirirlər ki, heç bir sülh nizamlanmasının bir hissəsi kimi Rusiyanın işğal etdiyi ərazilərdən imtina etməyəcəklər. Amma indi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp danışıqları sürətləndirməkdə israr edəndə, Kiyev təhlükəsizlik zəmanətlərinin alınmasına heç də az əhəmiyyət vermir.

Bu barədə “The New York Times” yazır. İki yüksək rütbəli məmur deyib ki, potensial danışıqlarda Ukraynanın maraqlarının qorunması “döyüşlər tərəfindən müəyyən ediləcək ərazi sərhədlərindən deyil”, atəşkəs üçün hansı təminatların mövcudluğundan asılı olacaq.

Ukrayna Ali Radasının Müdafiə və Kəşfiyyat Komitəsinin rəhbəri Roman Kostenko deyib: “Danışıqlar təminat əsasında aparılmalıdır”.

Adının açıqlanmasını istəməyən digər yüksək rütbəli ukraynalı məmur isə daha açıq danışıb: "Ərazi məsələsi son dərəcə vacibdir, lakin bu, hələ də ikinci məsələdir. Birinci məsələ təhlükəsizlik təminatıdır".

Zelenskinin əvvəlki mövqeyində əsaslı dəyişiklik var. Əvvəllər o, Ukraynanın 1991-ci il sərhədlərinə çatması ilə müharibənin bitəcəyini dəfələrlə bəyan etmişdi.

“Ukraynanın sərhədləri 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış müstəqillik bəyannaməsi ilə müəyyən edilir. Hazırda Ukrayna torpaqlarının təxminən 20%-i Rusiya Federasiyasının nəzarəti altındadır, lakin Kiyev Rusiyanın işğalı altında olan heç bir əraziyə iddialarından rəsmən imtina etməyəcək”, - deyə “The New York Times”da dərc olunan materialın müəllifləri bildirirlər.

Onlar hesab edirlər ki, Ukraynanın bu yanaşması Rusiyanın Ukrayna torpaqları üzərində nəzarəti saxlaması ilə bağlı istənilən sövdələşməyə haqq qazandırmaq üçün istifadə olunur.

Və bu, məncə, həqiqətdən uzaq deyil. Axı kim nə deyir-desin, demək olar, hər gün xəbər gəlir ki, Rusiya qoşunları Ukraynanın bu və ya digər yaşayış məntəqəsini işğal edib. Rusların həm hərbi texnika və sursatların sayına, həm də canlı qüvvəsinə görə üstünlüyü var. Təbii ki, Tramp Kiyev və Moskvanı danışıqlar masasına oturtmazdan əvvəl Rusiya Federasiyası mümkün qədər Ukrayna ərazisini ələ keçirməyə çalışacaq. Ancaq burada sonda yaxşı bir şeyin olmayacağına hazır olmalıyıq.

Həm Rusiya, həm də Ukrayna Trampın təklifini özləri üçün son dərəcə əlverişsiz hesab edə bilər. Bəli, Ukrayna o zaman yalnız özünə və Avropa ölkələrindən olan müttəfiqlərinə güvənməli ola bilər. Lakin Rusiya müharibənin dondurulması üçün tamamilə qəbuledilməz şərtlər irəli sürərsə və Tramp Moskvaya deyil, Kiyevə təzyiq göstərməyi düzgün hesab edərsə, o zaman Vladimir Zelenskinin sadəcə olaraq seçimi qalmayacaq. O, müharibəni davam etdirəcək. Əks halda o, hakimiyyətini itirə bilər. Bundan sonra onun qarşısında çox kədərli perspektivlər görünə bilər. /Ayna.az/

Chosen
22
50
turkustan.az

10Sources