EN

4 min vətəndaşımızın taleyi naməlumdur -ŞƏRH

"Ermənistanın hərbi-siyasi rəhbərliyi itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların üzə çıxarılmasından qorxur"

  BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. Mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb.

  Sözügedən sənədin  məhz Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə qəbul olunduğunu xatırladan Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Sherg.az"a açıqlamasında  qeyd edib ki, Azərbaycanın irəli sürdüyü sözügedən qətnamə layihəsi yekdilliklə, konsensusla qəbul edilib:

“BMT Baş Assambleyasının 3-cü Komitəsində "İtkin düşmüş şəxslər haqqında" qətnamənin qəbul edilməsi müharibə və münaqişə qurbanlarının, o cümlədən itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi baxımından bütün dünya birliyi üçün olduqca əhəmiyyətli hadisədir.  
  Layihənin yekdilliklə qəbul edilməsi isə həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir, həm də dünyanın müxtəlif ölkələrinin dini-etnik zəmində münaqişələr və böyük müharibə fəlakətləri ilə üzləşməsi baxımından itkin şəxslər problemini həqiqətən də bütün dünya ictimaiyyəti üçün aktual məsələyə çevirir.
  Müharibə və münaqişələrdən əziyyət çəkən, soyqırımlarına məruz qalan xalqların sırasında isə heç şübhəsiz ki, Azərbaycanın adı ilk növbədə qeyd olunmalıdır. Çünki istər son 200 ildə, istərsə də keçmiş SSRİ-nin dağılmasından sonrakı dönəmdə Azərbaycan xalqı çarizmin və bolşevizmin havadarlıq etdiyi erməni-daşnak qatilləri tərəfindən davamlı qətliamlara, terrora, işğalçı zorakılığa, deportasiyalara məruz qalıb. 
Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın işğalçı siyasətinin qurbanı olmuş və itkin düşmüş şəxslərin sayı isə ağlasığmaz dərəcədə çox olub. Hazırda 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi naməlum olaraq qalır. Azərbaycan hökumətinin həm Ermənistana, həm də beynəlxalq təşkilatlara dəfələrlə müraciətlərinə baxmayaraq, rəsmi İrəvan sözügedən itkin vətəndaşlarımızın sonrakı taleyi barədə məlumatları hələ də Azərbaycana təqdim etməkdən imtina edir”. 

  Ermənistanın bu cür qeyri-humanist, insanlığa zidd davranışının heç bir məntiqi izahı olmadığını deyən Ə.Hüseynov hesab edir ki, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsi dönəmində törətdiyi hərbi cinayətləri bu gün də siyasi quldurluq formasında davam etdirir: 
“Ermənistanın həmin məlumatları Azərbaycan tərəfinə təqdim etməkdən yayınmasının başqa bir səbəbi isə ifşa olunmaq qorxusundan qaynaqlanır. Bəli, Ermənistanın hərbi-siyasi rəhbərliyi itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların üzə çıxarılmasından qorxur. Çünki Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi canilərinin azərbaycanlılara qarşı yol verdikləri vəhşiliklərin üzə çıxması və ictimailəşməsi Paşinyan hökumətinin yaratmağa çalışdığı "sülh göyərçini" obrazının puça çıxmasına və Ermənistanın barbar dövlət kimi bütün dünyada rüsvay olmasına gətirib çıxara bilər. Lakin Paşinyan "sülh"demaqogiyası ilə məşğul olmaq əvəzinə, öz ölkəsinin yaxın keçmişdəki qanlı təcrübəsi ilə üzləşməyi seçməli və itkin düşmüş azərbaycanlılarla bağlı həqiqətləri təqdim etməlidir. Mina xəritələrini və itkin düşmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən yayınan Ermənistan rəhbərliyinin sülhdən danışması əsl riyakarlıqdır. Ancaq "İtkin düşmüş şəxslər haqqında" qətnamənin BMT Baş Assambleyası tərəfindən qəbul edilməsi Ermənistanın bəhanələrinə son qoya bilər. Ermənistan rəhbərliyi itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı öz məsuliyyətini dərk etməlidir”.

Chosen
17
1
sherg.az

2Sources