EN

Abxaziyada nə baş verir? - Mümkün 3 SSENARİ

Bir neçə gün davam edən etirazlardan sonra ötən günlərdə Abxaziyadakı seperatçı hökumət və “prezidenti" Aslan Bjaniya istefa verib. Belə ki, danışıqlardan sonra “iqtidar” və “müxalifət” nümayəndələri saziş imzalayıblar, ona görə də Bjaniya istefa ərizəsini təqdim edib. Qeyd edək ki, etirazlara səbəb Rusiya iş adamlarına Abxaziya ərazisində bir neçə strateji sahədə yüksək imtiyazların verilməsini nəzərdə tutan lahiyədir. Bu, yerli iş adamlarında qıcıq yaradıb. Etirazlar öncə pərakəndə şəkildə davam etsə də, sonra mütəşəkkil hal almağa başlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Abxaziyada baş verənlər üç ssenarini gündəmə gətirir:

 

“Birincisi, narazı kütlənin etirazı həqiqətən səmimidir, onlar məhz iqtisadi səbəblərə etiraz edirlər. Ancaq abxaz müxalifəti bununla faktiki Moskvanın iradəsinə qarşı gəlmiş olur. Abxaziya iqtisadi cəhətdən Rusiyadan asılıdır və Moskvanın iradəsinə qarşı atılacaq addım separatçı rejimin çökməsinə səbəb ola bilər. Buna görə də etirazçılar ehtiyatla davrandılar və aksiyaların Rusiyaya qarşı olmadığını bildirdilər. Aksiyalara rəhbərlik edən Abxaziya “baş prokurorunun” keçmiş müavini Eşsou Kakaliyanın səsləndirdiyi tələblər əsasən siyasi idi və separatçı rejimin rəhbəri Bjaniyanın istefasını əks etdirirdi. Bu isə etirazlarla bağlı ikinci ssenarini daha aktual edir. Aksiya sırf siyasi xarakter daşıyırdı və Rusiya prosesə ona görə müdaxilə etmədi. Nəzərə alaq ki, bu, Abxaziyada baş vermiş ilk siyasi aksiya deyil. 2014-cü ildə Suxumidə baş verən etirazlar nəticəsində seperatçı rejimin o zamankı “prezidenti” Aleksandr Ankvab öz iqamətgahından Rusiyaya məxsus hərbi bazaya qaçmış və Prezident Vladimir Putin öz köməkçisi Vladislav Surkovu Suxumiyə göndərərək tərəflər arasında razılıq əldə edilməsinə nail olmuşdu. Bundan sonra hakimiyyətə gələn müxalifət lideri Raul Hacımba özü də 2020-ci ildəki etirazlardan sonra istefa verməyə məcbur olmuşdu”.

 

Z.Əmrəliyev qeyd etdi ki, tez-tez baş verən siyasi çevrilişlər Abxaziya daxilində ciddi siyasi qarşıdurmanın və qrupların hakimiyyət uğrunda amansız mübarizəsinin nəticəsidir:

 

“Üçüncü ssenari isə son zamanlar səslənən Abxaziyanın Gürcüstanla birləşməsi iddiasıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun,  “Abxaziya və Cənubi Osetiya Gürcüstanla münasibətləri özləri müəyyən edəcək” açıqlaması Suxumi və Tsexenvalidə həyacan yaratmışdı. Gürcüstan hakimiyyətinin Qərblə gərginləşən münasibətləri fonunda Abxaziyanın Tiflislə anlaşma ehtimalı böyükdür. Təbii ki, burada həm də Moskvanın istəyi olmalıdır. Proses bu istiqamətdə davam edərsə, Abxaziya və Gürcüstanın konfederativ dövlət şəklində birləşməsi baş tuta bilər. Eyni zamanda Gürcüstan federativ dövlət elan edilə və Abxaziya yüksək statusla onun subyektinə çevrilə bilər. 2008-ci il hadisələri və Şimali Osetiya amilinə görə, Cənubi Osetiyanın Gürcüstanla birləşmək ehtimalı çox zəif olsa da,  Abxaziyada vəziyyət fərqlidir. Hadisələrin bu bölgədə seperatçılığın bitməsi ilə nəticələnməsi mümkündür”.

 

Günay Rəsulqızı 

Chosen
6
1
sfera.az

2Sources